Partiya sədrindən etiraz: "Mən bu yanaşma ilə razı deyiləm"

Qarabağda quruculuq-abadlıq işləri sürətlə davam edir. Burada əhali üçün, keçmiş məcburi köçkünlər üçün evlər də dövlət hesabına tikilir. Lakin bu evlərin məcburi köçkünlərin özləri tərəfindən də tikilməsi təklifləri səslənir. Onların bu imkanda olması vurğulanır. Bəs məcburi köçkünlərin müəyyən imkanı olsa belə öz evlərini tikmələri nə qədər düzgündür?
Azad Vətən Partiyasının sədri Akif Nağı Crossmedia.az-a açıqlamasında bu məsələyə münasibətini bildirib:
"Mahiyyət keçmiş köçkünlərə ev tikmək üçün imkan yaradılmasıdır. Amma "məcburi köçkünlərdən kimin imkanı var tiksin, kimin yoxdusa qalsın" yanaşması ilə razı deyiləm. Qarabağdakı evlər dövlət tərəfindən tikilir. Mən hələ çoxdan qeyd etmişəm ki, tikinti ilə ancaq dövlət orqanları məşğul olacaqsa bu proses uzanacaq. Bu, qarşılıqlı şəkildə aparılmalıdır. Həm dövlət tikməlidir, həm də kim könüllü şəkildə istəyirsə, dövlət qaydalarına uyğun olaraq, dövlət tərəfindən maliyyə əldə edərək öz evini tikə bilər. Hesab edirəm ki, bu ən gözəl variantdır. İnfrastrukturun da tam şəkildə təmin olunduğunu nəzərə alsaq, könüllü şəkildə ev tikmək üçün bütün imkanlar var".
Ayhan Ağarzayev
17:02 30.05.2025
Oxunuş sayı: 1217