Budapeşt Zirvəsi: türk dövlətlərini ortaq ideya və dəyərlər birləşdirir - Deputat

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb. Bəyannamədə TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etməyə, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlı əlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunur.
Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.
Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən Zirvə görüşünün mahiyyəti ilə bağlı Crossmedia.az saytına açıqlama verən Milli Məclisin deputatı Rizvan Nəbiyev Azərbaycan Respublikasının malik olduğu coğrafi mövqenin, siyasi, iqtisadi və digər potensialı ilə türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafına və intensivləşməsinə təkan verdiyini bildirib: "Bu sahədə perspektivlər olduqca ümidvericidir. Xüsusilə şanlı Zəfərimizdən sonra regionda yaranmış yeni siyasi reallıq və formalaşan yeni status-kvonun üstünlüklərinə yönəlmiş əməkdaşlıq – iqtisadi sahədə, nəqliyyat və logistika sektorunda – türk dünyası və türk dövlətləri arasındakı münasibətlərə də müsbət təsir göstərmişdir. Türk dövlətləri və müşahidəçi ölkələr arasında münasibətlərin inkişafı üçün yeni imkanlar yaranmışdır. Azərbaycanın malik olduğu coğrafi mövqeyə nəzər saldıqda görürük ki, türk dünyasının iqtisadi və hərbi baxımdan əsas gücü olan Türkiyə ilə Mərkəzi Asiyada yerləşən tərəfdaşlarımız arasında əlaqələrin qurulmasında Azərbaycan körpü rolunu oynayır. İstər Türkiyənin şərqindən Gürcüstan üzərindən Xəzər dənizi vasitəsilə Orta Asiyaya uzanan yol, istərsə də Türkiyənin cənub-şərqindən keçərək Orta Asiyaya yönələn koridor – hər biri məhz Azərbaycanın ərazisindən keçir. Deməli, istənilən istiqamətdə baxdıqda, Türkiyə ilə türk dövlətləri arasında münasibətlərin inkişafında Azərbaycanın geosiyasi mövqeyi, siyasi və iqtisadi potensialı mühüm yer tutur və bu, digər türk dövlətləri və onların siyasi liderləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də xarici siyasət kursunda türk dünyası ilə əlaqələrin inkişafını və dərinləşdirilməsini prioritet məsələ kimi elan etmişdir. 2023-cü ildə keçirilmiş andiçmə mərasimində cənab Prezident Azərbaycanın “türk ailəsinin üzvü” olduğunu xüsusi vurğulamış və bundan sonra həyata keçirilən xarici siyasət bu istiqamətdə intensivləşmişdir. Məsələn, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin keçirilməsi ideyası məhz Azərbaycan Prezidentinə məxsusdur və bu tədbirdə Qarabağ Bəyanatı imzalanmışdır. Daha sonra bu təşəbbüs Macarıstana keçmişdir. Bu da olduqca simvolik hadisədir: Avropa İttifaqı və NATO üzvü olan Macarıstanın Vesprem şəhəri Azərbaycanın Şuşa şəhəri ilə qardaşlaşmışdır və Budapeştdə keçirilən son sammit “Şərq və Qərbin Görüş Nöqtəsi” devizi altında təşkil olunmuşdur. Bu ifadə dərin simvolik məna daşıyır".
Deputat Azərbaycan dövlətinin türk dövlətləri ilə münasibətlərə verdiyi dəyəri statistik göstəricilərlə də sübut etdiyini qeyd edib: "Şanlı Zəfərdən sonra türk dövlətlərinə 20-dən artıq rəsmi və qeyri-rəsmi səfərlər edilmiş, təxminən eyni sayda da türk dövlətlərinin dövlət və hökumət başçıları ölkəmizə səfər etmişdir. Bu yüksək səviyyəli dialoq digər sahələrdə əməkdaşlıq üçün unikal imkanlar yaradır. Digər bir vacib məqam isə Azərbaycanın Orta Asiya türk dövlətlərinin Avropaya çıxışında oynadığı rol və yaratdığı infrastrukturla bağlıdır. Qeyd etmək lazımdır ki, 2030-cu ilə qədər Avropa İttifaqı – o cümlədən Macarıstan – Orta Asiyaya 12 milyard avro məbləğində investisiya yatırmaq niyyətindədir. Bu, nadir metallar və digər məhsulların ixracı ilə bağlıdır. Bu çərçivədə Azərbaycanın malik olduğu nəqliyyat, logistika və infrastruktur imkanları qardaş türk dövlətlərinin yanında olduğunu bir daha sübut edir. Ən mühüm məqamlardan biri isə türk dövlətlərini birləşdirən ortaq ideya və dəyərlərdir – yəni türklük ideologiyasıdır. Siyasi münasibətlərdə zaman-zaman fərqli mövqelər və yanaşmalar mümkündür, lakin ortaq dəyərlərin mövcudluğu bu dövlətlərin bir arada qalmasında həlledici rol oynayır. Türklük ideyası xalqlarımızı, siyasi liderlərimizi və dövlətlərimizi birləşdirən güclü bir əsasdır. Bu ideya siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin inkişafına müsbət təsir göstərir.
Hazırda Türk Dövlətləri Təşkilatında iki müşahidəçi dövlət – Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti mövcuddur. Qeyd etmək istərdim ki, Şimali Kipr Türk Cümhuriyyəti təşkilatda öz tam adı ilə – Türk Dövlətləri Təşkilatı çərçivəsində – təmsil olunur. Bu da təşkilatın yeni üzvlərə dəstək göstərməyə hazır olduğunun göstəricisidir".
Həmçinin deputat Azərbaycanın müstəqillik qazandıqdan sonra türk dövlətləri ilə ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb: "Qazaxıstanla 2005-ci ildən, Türkiyə Respublikası ilə 2021-ci ildən, Özbəkistanla isə 2024-cü ildən strateji müttəfiqlik səviyyəsində münasibətlər qurulmuşdur. Türkmənistan və Qırğızıstanla isə strateji tərəfdaşlıq səviyyəsində əlaqələr mövcuddur. Azərbaycanın lideri cənab İlham Əliyevin bu münasibətlərə verdiyi dəyər və qarşı tərəfin adekvat cavabı tərəflər arasında qarşılıqlı etimadı və əməkdaşlığı gücləndirir. Əgər Türk Dövlətləri Birliyinə daxil olan ölkələrin ümumi potensialını qısa şəkildə ifadə etsək: bu birliyə daxil olan dövlətlər təxminən 150 milyon əhaliyə, 1.5 trilyon ABŞ dollarına yaxın ümumi daxili məhsula və 4 milyon kvadrat kilometrdən çox əraziyə malikdirlər".
Sonda R.Nəbiyev Türk Dövlətləri Təşkilatının institusional inkişafı və bu istiqamətdə atılan addımların, ikitərəfli münasibətlərdəki uğurlu modelin çoxtərəfli platformada da inkişafı üçün güclü zəmin yaratdığını və bu sahədə Azərbaycan Prezidentinin xarici siyasət strategiyasında müəyyənləşdirilmiş hədəflərin münasibətlərin daha da intensivləşməsinə mühüm töhfə verdiyini bildirib.
Pərvin Hacıyeva
17:55 21.05.2025
Oxunuş sayı: 8550