“Türk dövlətləri güclü ordu, zəngin resurs, qlobal marşrutlara sahibdir”- Deputat

2025-ci il mayın 20-21-də Türk Dövlətləri Təşkilatının tarixində ilk dəfə qeyri-rəsmi sammit müşahidəçi ölkə olan Macarıstanda – Budapeştdə baş tutacaq. Bu görüş TDT-nin geosiyasi təsirinin genişlənməsini və Şərqlə Qərb arasında strateji körpü rolunu möhkəmləndirməsini simvolizə edir. “Şərq və Qərbin görüş yeri” şüarı ilə keçiriləcək sammitdə Azərbaycanın rolu isə yenə mərkəzdədir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verib. O bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) dünyadakı rolu getdikcə artır: ” TDT-yə üzv ölkələrin Avropa və Asiyanı, Şərq və Qərbi təmsil etməsi təşkilatı qlobal miqyasda əhəmiyyətli bir platformaya çevirir. Bəzi mərkəzlərin narahatlığı da yeni münasibətlər sisteminin formalaşmasında irəli sürülən tələblərlə bağlıdır. Təşkilatın coğrafiyası genişləndikcə, qlobal proseslərə təsir imkanları da artmaqdadır. Üzv ölkələrin yeraltı və yerüstü sərvətləri, iqtisadi inkişaf tempində müşahidə olunan dinamika, milli maraqlara qarşılıqlı hörmət, həmrəylik və bərabərlik prinsiplərinə, ədalətə əsaslanan münasibətlər TDT-nin nüfuzunun yüksəlməsində mühüm rol oynayır. Tərəfdaşlıq əlaqələrinin möhkəmləndirildiyi bu təşkilatda ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər birgə və səmərəli fəaliyyət üçün əsaslı zəmin yaradır”.
Deputat vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı birliyin, türk dünyasının güclənməsi ideyasının yalnız sözlə deyil, əməli fəaliyyətlə həyata keçirildiyini nümayiş etdirir:
“TDT-nin əsas üzvləri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla yanaşı, Türkmənistan və Macarıstan da təşkilatda müşahidəçi statusu ilə təmsil olunur. Təxminən 200 milyonluq əhali və geniş coğrafi əraziyə malik olan türk dünyasının ümumi sahəsi 4,8 milyon kvadrat kilometr, ÜDM-i 1,4 trilyon dollar, ticarət dövriyyəsi isə 855 milyard dollardan çoxdur. Türk dövlətləri güclü iqtisadi və müasir hərbi potensiala, enerji resurslarına və mühüm nəqliyyat marşrutlarına sahibdir. Üzv ölkələrin Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz, Qara dəniz, Bosfor və Dardanel boğazları, Aralıq dənizi və Avropa kimi strateji regionları əhatə etməsi gələcəkdə həm ayrı-ayrılıqda ölkələrin, həm də bütövlükdə TDT-nin geosiyasi çəkisinin artmasına səbəb olacaq. Macarıstanda keçirilən və şüarı “Şərq və Qərbin görüş yeri” olan toplantı təşkilatın bu iki qütb arasında körpü rolunu oynamaq niyyətini aydın şəkildə ifadə edir. Asiyadan Avropaya uzanan geniş coğrafiyada yerləşən türkdilli ölkələr arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq yüksək səviyyəyə çatıb və mühüm nəticələr əldə olunub. Azərbaycan da bu prosesdə Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü doğruldub və Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyəti üçün dəyərli töhfələr verir. Ölkəmiz bu istiqamətdə vacib rol oynamaqda davam edir”.
Həmayıl Şükürlü
15:45 20.05.2025
Oxunuş sayı: 971