PKK özünü buraxdı, bundan sonra nələr olacaq? -Türkiyəli ekspert açıqladı

Müəyyən vaxtlarda Türkiyənin "kabusuna" çevrilən PKK terror təşkilatı, nəhayət, özünü buraxdığını elan edib. Bu, Türkiyənin uzun illərdir davam edən mübarizəsinin məqsədyönlü nəticəsidir. PKK-nın ləğvi Türkiyənin həm daxili, həm də xarici siyasəti üçün mühüm hadisədir.
Bu barədə Crossmedia.az-a danışan türkiyəli politoloq Hasan Oktayın sözlərinə görə, PKK bölgədə sıxışdığı üçün silah buraxmaq məcburiyyətində qaldı: "1970-ci illərdə dəbdə olan marksist təşkilatlar silahlı mübarizə yolu ilə ölkələrin sistemlərini dəyişdirməyə başladılar. 1979-cu ildə İran inqilabından sonra İran bu rejimi ixrac etmək məqsədilə Yaxın Şərqdə bir çox təşkilatlar qurdu. HƏMAS-ın İsrailə hücumundan sonra və Əsədin Suriyanı tərk etməsi ilə Yaxın Şərqdə terror təşkilatlarının dövrü başa çatmış oldu. PKK terror təşkilatı da Yaxın Şərqdə yaşaya biləcəyi bir məkan tapa bilmədiyi üçün dəyişiklik və transformasiya zərurəti hiss etdi. Türkiyə Cümhuriyyəti dövlətinin terrora qarşı israrlı və qətiyyətli mövqeyi nəticəsində təşkilat məğlubiyyət psixologiyasını silah buraxmaqla danışıqlar prosesinə daşımağa çalışır. Türkiyənin Suriya məsələsindəki israrlı tutumu və İraqda terrora qarşı ortaq mübarizə komissiyası yaratması, təşkilatın fəaliyyət sahəsini getdikcə daraldıb. Bu şərtlər altında mübarizəsini davam etdirə bilməyən təşkilat, Türkiyə Cümhuriyyəti dövlətinin çağırışına cavab olaraq silah buraxmaq qərarı alıb".
Politoloq əsas sualın yalnız PKK-mı, yoxsa onunla birlikdə bütün törəmə təşkilatların da silah buraxıb-buraxmayacağı məsələsi olduğunu vurğulayıb: "Burada əsas problem budur: PKK və törəmə təşkilatlar hamısı birlikdəmi silah buraxacaq, yoxsa yalnız PKK silah buraxıb Türkiyə ilə danışıqlara başlayacaq, əgər bu proses uğursuz və mənfi nəticələnsə, digər təşkilatlar Türkiyəyə qarşı hərəkətəmi keçəcək? Bu sual çox önəmlidir. Bundan əlavə, PKK-nın “mübarizəmi bitirdim, bundan sonrakı mərhələdə Türkiyədə sistem dəyişikliyini müzakirəyə açmaq istəyirəm” şəklində yanaşması var. Türkiyə Cümhuriyyəti dövlətinin Konstitusiyasının ilk dörd maddəsinin dəyişməzliyi, PKK-nın yaydığı bəyanatda birbaşa hədəf alınmış vəziyyətdədir. Xüsusilə, Lozanna sülh müqaviləsinə istinad etmələri və qurucu əsaslarla bağlı fikir çaşqınlığı yaradan cümlələr istifadə etmələri, məğlub olmuş bir təşkilatın son anda ətrafında yeni müzakirə sahələri yaratmaq üçün etdiyi hiyləgər davranışlardır".
H. Oktay Türkiyənin terrora qarşı mübarizəyə davam edəcəyini və öz sistemini Yaxın Şərqə qəbul etdirəcəyini bildirib: "Türkiyə Cümhuriyyəti dövləti terrora və terrorçulara qarşı mübarizəsini davam etdirəcək. Türkiyə hüquq dövlətidir və hüquq dövlətində bütün vətəndaşlar bərabərdir. Heç bir zümrəyə, aşirətə, təriqətə və ya sosial təbəqəyə üstünlük verilməsi demokratik qaydalar daxilində mümkün deyil. Biz bunu İran və İsraildə dini zümrələrə üstünlük verən sistemlərdə, İraq, Suriya və Livan nümunəsində olduğu kimi aşirətlərə, tayfalara, dini inanc qruplarına verilən imtiyazlar və idarəetmədə fərqli şəkildə iştirak edən sistemlərin sona çatdığını birlikdə gördük. Türkiyə demokratik nailiyyətləri ilə Yaxın Şərqə örnək olacaqkən, hazırda süqut mərhələsində olan bir terror təşkilatının Yaxın Şərqdəki bu qarışıq strukturu Türkiyəyə tətbiq etdirməyə çalışan bir bəyanat dili ilə qarşılaşdıq. Bu, qəbuledilə bilməz. Türkiyə Cümhuriyyəti dövləti öz sistemini Yaxın Şərqə qəbul etdirəcək".
Nuray Qurbanlı
14:33 12.05.2025
Oxunuş sayı: 1553