"Növbəti dünya müharibəsini alovlandırmaq istəyənlər var" -Ekspet

Son dövrlərdə dünya siyasətində gərginlik səviyyəsi yeni mərhələyə qədəm qoyub. ABŞ-Çin münasibətlərindəki ticarət münaqişələri, NATO ilə Rusiya arasında Ukrayna üzərindən davam edən qarşıdurma, ABŞ-İran gərginliyi və Tayvan məsələsində artan risklər fonunda Cənubi Asiya da təhlükəli bir istiqamətə sürüklənməkdədir. Xüsusilə Hindistan və Pakistan arasında tarixi rəqabətin yenidən kəskinləşməsi bölgədə genişmiqyaslı hərbi münaqişə ehtimalını artırır.
Çinin artan qlobal təsirinə qarşı ABŞ-ın Hindistanı strateji tərəfdaş kimi ön plana çıxarmaq siyasəti bu vəziyyəti daha da mürəkkəbləşdirir. Digər tərəfdən, Pakistanın Çinlə dərinləşən hərbi əməkdaşlığı və Hindistanın Fransadan aldığı yeni nəsil hərbi texnikalar regionda silah balansını dəyişməkdədir. Kəşmir mübahisəsi və regional güc nizamlaması da bu vəziyyətin arxa fonunda xüsusi əhəmiyyət kəsb edir.
Bu mürəkkəb geosiyasi mənzərəni nəzərə alaraq, Hindistan və Pakistan arasında baş verə biləcək bir toqquşmanın yalnız regional deyil, eyni zamanda qlobal təsirlərə səbəb ola biləcəyi ehtimalı ciddi şəkildə dəyərləndirilməlidir. Hazırkı iqtisadi və hərbi göstəricilər, potensial müharibənin sürətli, lakin dağıdıcı nəticələrə yol aça biləcəyini göstərir.
Bütün bunlar barədə Crossmeduia.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli söyləyib ki, ucalan Çin qlobal gücünə qarşı təcili atılan ən önəmli addım Hindistan kartının oynanması olmalı idi: "Hazırda həm ABŞ-nin, həm də Hindistanın baş naziri Narendra Modinin Çindən çəkinməsi faktlarını ABŞ-nin prezidenti Donald Trampın son zamanlar Çinə qarşı elan etdiyi ticarət savaşında da müşahidə etmək mümkündür. Keçmişdə ABŞ-Hindistan müttəfiqliyi mümkün deyildi. Soyuq müharibə dövründə Çin və Pakistan ABŞ-nin əsas regional müttəfiqləri olmuşdu. Hazırda Pakistanın əlində Çinlə birgə istehsal etdiyi JF-17 qırıcıları və ABŞ-dan aldığı F-16-lar mövcuddur. Hindistan isə Fransadan aldığı Rafale qırıcılarına malikdir. Hindistanda belə bir fikir formalaşıb ki, müharibənin baş verməsində əsas maraqlı tərəf Çindir və bu səbəbdən ona qarşı cəza tədbirləri tətbiq olunmalıdır".
Müsahib söyləyib ki, strateji raket silahları baxımından isə hər iki ölkənin təxminən bərabər səviyyədədir: "Lakin Pakistan zəka, strategiya və qlobal dəstək baxımından da o qədər zəif görünmür. Maliyyə sahəsində isə ciddi fərq mövcuddur: Pakistanın xarici valyuta ehtiyatları 15 milyard ABŞ dolları, Hindistanın isə 686 milyard ABŞ dollarıdır. Təxminlərə görə, müharibə zamanı gündəlik xərc 700 milyon dollar, həftəlik 4 milyard dollar, aylıq isə 15 milyard dollar təşkil edə bilər. Bu da müharibənin reallıqda 10 gündən artıq sürməyəcəyinə işarə edir. NATO-Rusiya, ABŞ-İran, ABŞ-Çin və Pakistan - Hindistan gərginliyi göstərir ki, geosiyasi oyunlar oynayan müəyyən qüvvələr növbəti dünya müharibəsini alovlandırmağa çalışır. Həm ABŞ, həm də Rusiya Hindistana tam etibar etmir. Soyuq müharibə dövründə Hindistanın əsas müttəfiqi Rusiya olub və 1971-ci il müharibəsində Hindistana dəstək verib. Lakin Rusiyanın son illərdə Çinlə yaxın əlaqələri Hindistanda narahatlıq doğurur. ABŞ isə 2000-ci illərdən etibarən Hindistanla texnologiya və müdafiə sahələrində əməkdaşlığı genişləndirsə də, keçmişdə Pakistana verdiyi dəstək və tətbiq etdiyi sanksiyalar Hindistanda müəyyən şübhələrə səbəb olub".
Həmsöhbətimizin sözlərinə görə, Fransa və İsrail Hindistan üçün daha etibarlı tərəfdaşlar kimi görünür: "Fransa 1998-ci ildə Hindistanın nüvə sınaqlarından sonra ona qarşı sanksiya tətbiq etməmişdi, İsrail isə Hindistanın əsas müdafiə tərəfdaşıdır. Hindistan bu əlaqələri strateji baxımdan balanslaşdırmağa çalışır. Hindistanın müharibəyə başlaması isə onun ən önəmli müttəfiqlərindən biri olan İsrail üçün də ciddi problemlər yarada bilər. "Flightradar24" nəşrinin məlumatlarına əsasən, son günlərdə Türkiyədən Pakistana hərbi təyinatlı yüklərin axını artıb. Maraqlı bir təsadüf də qeyd edilir: ABŞ-nin vitse- prezidenti Cey Di Vensin Vatikana səfəri zamanı Papanın ölümü, Hindistana səfəri ilə eyni vaxtda isə Pakistanla qarşıdurmanın baş verməsi müəyyən suallar doğurur. Bölgədə başqa bir vacib detal: Kəşmir bölgəsinin bir hissəsi Çinin nəzarətindədir. Bu da bölgədə avtomatik olaraq üç əsas aktorun – Hindistan, Pakistan və Çinin – iştirakını təmin edir. Əfqanıstanda isə ABŞ-nin hərbi bazaları mövcuddur. Hindistanın digər tərəfində yerləşən Banqladeş də Pakistanla müttəfiqdir və Hindistana qarşı çıxış edir. Hərbi təchizat və ordu hazırlığına əsasən, Pakistan böyük hind hərbi qruplarına qarşı Ukrayna təcrübəsinə – yəni şəhər müharibələri taktikasına əsaslanan müdafiə strategiyası hazırlayır".
Ləman Həsənova
11:38 28.04.2025
Oxunuş sayı: 932