Fransa Qəzzadan daha 115 fələstinlini qəbul etdi

Aprelin 23-də Fransa hökuməti Qəzza zolağında davam edən humanitar böhran fonunda daha bir təxliyə əməliyyatı həyata keçirib. Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, ümumilikdə 115 fələstinli Qəzzadan çıxarılaraq Fransaya gətirilib. Onların arasında qadınlar, uşaqlar və tibbi yardıma ehtiyacı olan şəxslər də var.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu əməliyyat 16 aprel tarixində baş tutmuş oxşar təxliyyənin davamı olub. Həmin vaxt Fransa 59 fələstinlini qəbul etmişdi. Rəsmi Paris bildirir ki, təxliyə prosesi Fransa səfirliyi və beynəlxalq humanitar təşkilatların əməkdaşlığı ilə həyata keçirilib.
Fransa Xarici İşlər Nazirliyi bəyan edib ki, Qəzzadakı vəziyyəti diqqətlə izləyir və mümkün qədər çox sayda mülki şəxsin xilas olunması üçün dəstəyini davam etdirəcək. Qəbul edilən şəxslərə Fransada tibbi yardım və sosial dəstək göstəriləcək. Fransa hökuməti eyni zamanda bölgədə atəşkəsin təmin olunması və humanitar yardımın fasiləsiz çatdırılması üçün beynəlxalq səylərə çağırış edib.
Fatimə Nəbiyeva
10:42 26.04.2025
Oxunuş sayı: 662