Krımla bağlı Trampın bəyanatına cavab: Zelenski Pompeonun açıqlamasını yayımladı

ABŞ prezidenti Donald Trampın Krımın statusu ilə bağlı səsləndirdiyi bəyanat Ukrayna tərəfinin kəskin reaksiyasına səbəb olub. Ukrayna prezidenti Volodimir Zelenski Trampın fikirlərinə cavab olaraq, onun birinci prezidentlik dövründə ABŞ dövlət katibi olmuş Mayk Pompeonun rəsmi bəyanatını yayımlayıb.
Crosssmedia.az xarici mediaya istinadən xəbər verir ki, Pompeonun açıqlamasında vurğulanır: “Birləşmiş Ştatlar Rusiyanın Krımı ilhaq etmək cəhdini rədd edir və Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər bu siyasəti davam etdirməyə sadiqdir.”
Zelenski sosial media paylaşımında qeyd edib ki, hazırda “emosiyalar yüksək səviyyədədir” və Ukrayna xalqı ölkənin ərazi bütövlüyü məsələsində güzəştlərə qarşı prinsipial mövqedə dayanır. Prezident, ABŞ-nin əvvəlki administrasiyalarının rəsmi mövqeyinin vacibliyini xatırladaraq, bu istiqamətdə ardıcıllığın qorunmasının əhəmiyyətini vurğulayıb.
Xatırladaq ki, Donald Tramp son çıxışlarından birində Krım məsələsinin danışıqlar yolu ilə "həll oluna biləcəyini" və Ukraynanın müəyyən güzəştlərə getməsinin labüd ola biləcəyini bildirib. Bu bəyanat Kiyevdə və bəzi Qərb paytaxtlarında narahatlıqla qarşılanıb.
Mədinə Cəlilova
20:03 24.04.2025
Oxunuş sayı: 802