“Türk Dövlətləri Təşkilatının sammitindən sonra münasibətlər yeni mərhələyə keçdi” – AÇIQLAMA

"Özbəkistanda türk dövlətlərinə münasibət son illərdə ciddi şəkildə dəyişib".
Bu fikirləri Crossmedia.az-a açıqlamasında Özbəkistanın Daşkənd Nəqliyyat Universitetinin Fəlsəfə kafedrasının müdiri, professor Jumaniyaz Ramatov bildirib.
Onun sözlərinə görə, prezident Şavkat Mirziyoyevin hakimiyyətə gəlişindən sonra respublikanın türk dövlətləri, o cümlədən Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyə ilə münasibətləri daha da möhkəmlənib:
“Təkcə Daşkənddə deyil, ümumiyyətlə bütün ölkə üzrə Azərbaycanla sıx mədəni əlaqələrimiz var. Məsələn, universitetimizin yaxınlığında Heydər Əliyev adına Azərbaycan Milli Mədəniyyət Mərkəzi yerləşir. Biz onlarla birlikdə tez-tez müxtəlif tədbirlər keçiririk. Şavkat Mirziyoyev də dəfələrlə Prezident İlham Əliyevlə görüşüb. Bu münasibətlər artıq tamamilə yeni mərhələyə keçib”.
Professor, həmçinin, Azərbaycanla təhsil və elm sahəsində əməkdaşlıqlardan da danışıb: "Hazırda Bakı Dövlət Universiteti ilə əməkdaşlıq etmək üçün memorandum layihəsi hazırlanıb. Bu memorandum əsasında elmi və akademik sahədə sıx əməkdaşlıq nəzərdə tutulur. Müştərək elmi məqalələr yazılacaq, beynəlxalq konfranslar təşkil ediləcək, akademik mobillik həyata keçiriləcək. Yəni tələbə iki il Bakıda, digər iki ili isə Daşkənddə təhsil ala biləcək.”
Müsahibimiz qeyd edir ki, türk dövlətləri arasında ortaq universitetin yaradılması ideyası artıq reallaşmaq üzrədir: “Türk Dövlətləri Təşkilatının Səmərqənd Sammitindən sonra bu istiqamətdə konkret addımlar atıldı. İndi yeni bir universitet yaradılır. Bu, ilk ortaq türk universiteti olacaq. Universitetin idarəetmə modeli birgə olacaq – həm Türkiyə, həm də Özbəkistan tərəfindən rektorlar şurası olacaq. Burada Azərbaycan, Qırğızıstan və digər türk dövlətləri də iştirak edəcək.”
Sonda isə o, türk dünyasının gələcəyi ilə bağlı fikirlərini bölüşüb: “Türk dünyasının gələcəyinə inanıram. Amma önəmli məsələlərdən biri də dildir. Ortaq bir dilə ehtiyac var. Bunun üçün artıq hazırlıqlar gedir. ‘Bukvar’ tərtib edilir. Dil məsələsi həll olunarsa, elmdə, təhsildə, iqtisadiyyatda, əlaqələrimiz daha da güclənəcək. Gələcəkdə hər kəsin anlayacağı, sadə və ortaq bir türk dili formalaşdırılmalıdır.”
Gültac Mehdizadə,
Asif Alpsoy
10:15 23.04.2025
Oxunuş sayı: 874