Dövlət borcunun artımı strateji hədəflərə uyğun planlaşdırılıb - Ekspert

Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsi ölkənin sosial-iqtisadi inkişaf prioritetlərini, maliyyə sabitliyinin qorunması və davamlı iqtisadi artımın təmin olunması istiqamətində hökumətin qarşıya qoyduğu əsas vəzifələri özündə əks etdirir. Sənəddə dövlətin borc siyasətinə dair mühüm parametrlər müəyyənləşdirilmiş, daxili və xarici borclanmanın yuxarı hədləri, həmçinin dövlət zəmanətlərinin məbləği dəqiqləşdirilmişdir.
Layihəyə əsasən, 2026-cı ildə daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 6 milyard manat səviyyəsində müəyyən edilib. Bu göstəricilər 2025-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə daxili borclanma üzrə eyni səviyyədə qalsa da, xarici borclanma üzrə 71,4 faiz artım nəzərdə tutur. Eyni zamanda, gələn il veriləcək dövlət zəmanətlərinin məbləği 50 faiz artırılaraq 3 milyard manat həcmində təsdiq edilib.
Bu rəqəmlər Azərbaycanın dövlət borcu siyasətində planlaşdırılmış və məqsədyönlü yanaşmanın davamı kimi qiymətləndirilə bilər. Borclanmanın strukturunda daxili və xarici mənbələr arasında tarazlığın qorunması, borc yükünün idarəediləbilən səviyyədə saxlanılması, həmçinin iqtisadi aktivliyin artırılmasına yönəlmiş investisiya layihələrinin maliyyələşdirilməsi hökumətin əsas hədəfləri sırasındadır.
Ümumilikdə, 2026-cı il dövlət büdcəsi layihəsində borclanma limitlərinin müəyyənləşdirilməsi maliyyə intizamının gücləndirilməsi, borc portfelinin optimallaşdırılması və büdcə dayanıqlığının təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu, həmçinin dövlətin iqtisadi təhlükəsizliyinin qorunması, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və uzunmüddətli maliyyə sabitliyinin təmin olunmasına xidmət edən vacib addım kimi dəyərləndirilə bilər.
Məsələ ilə bağlı iqtisadçı - ekspert Pərviz Heydərov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Dövlətin borc yükünün artırılacağı Maliyyə Nazirliyinin açıqladığı müvafiq sənəddə də qeyd edildiyi kimi bir sıra prioritet sahələr, o cümlədən, nəqliyyat sektoru, su təchizatı, məşğulluq, sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə nəzərdə tutulur. Yəni, qeyd etmək istədiyim odur ki, bütün bunlar strateji hədəflərə uyğun olaraq planlaşdırılıb. Belə ki, dövlət başçımız İlham Əliyev özü dəfələrlə tapşırmışdır ki, dövlət borcunun ÜDM-ə nisbəti 30 % həddi keçməsin və buna dair konkret sənədlər də imzalanmışdır. Odur ki, burada qeyri-adi heç nə yoxdur. Ümumiyyətlə, cari ilin sonuna ölkəmizin həm xarici, həm daxili dövlət borcunun ümumi məbləğinin 25,4 milyard manat səviyyəsinə, yəni proqnoz üzrə nəzərdə tutulan ÜDM-in 19,6 %-nə çatacağı gözlənilir ki, 2026-2029-cu illər ərzinin sonuna qeyd olunan rəqəmlərin müvafiq olaraq 32,0 milyard manat və 19,8 % təşkil edəcəyi planlaşdırılıb. Göründüyü kimi, əslində hər hansı ciddi bir artım baş verməyəcək".
Elmir Heydərli
14:46 20.10.2025
Oxunuş sayı: 920