“Miqrenin diaqnostika və idarə edilməsində 10 addım” mövzusunda elmi konfrans keçirilib

Aprelin 18-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında "Azərbaycan Miqren Mütəxəssisləri" İctimai Birliyinin təşəbbüsü ilə “Miqrenin diaqnostika və idarə edilməsində 10 addım” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin sədri, professor Sədaqət Hüseynova rəhbərlik etdiyi təşkilatın yaradılmasının zərurətdən doğduğunu qeyd edib: "Tibbin başqa sahələrində olduğu kimi baş ağrılarının diaqnostikasına, müalicəsinə və onların idarə olunmasına da yanaşmalar dəyişib. Dünyada miqrenin həm diaqnostika, həm də müalicəsində baş verən yenilikləri ölkəmizə gətirmək və onu həkimlərə çatdırmaq, bu sahədə olan boşluqları aradan qaldırmaq və məlumatlanmanı artırmaq üçün belə bir cəmiyyəti qeydiyyatdan keçirdik. Danimarka Baş Ağrılar Mərkəzinin direktoru, Beynəlxalq Baş Ağrılar Cəmiyyətinin keçmiş prezidenti, Miqren Araşdırmalar Mərkəzinin direktoru, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru Məsud Aşinanın təşəbbüsü və dəstəyi ilə təsis edilən təşkilatın əsas məqsədi əhali və yerli kadrların baş ağrıları barədə məlumatlandırılması, bu barədə biliklərin artırılması, eyni zamanda, müasir təcrübə və nailiyyətlərin ölkədə geniş yayılması, təlim və tədqiqatların aparılması, bu sahədə inkişafa nail olmaqdan ibarətdir. Biz baş ağrıları sahəsində olan qabaqcıl təcrübə və yenilikləri Azərbaycan həkimlərinə çatdırmaqda bir zəncir rolunu oynamaq, bu sahədə olan çatışmazlıqları aradan qaldırmaq istəyirik. Həmin işləri yerinə yetirmək üçün biz beynəlxalq təşkilatlar, həm də yerli qurumlarla sıx əlaqələr qururuq. Yarandığımız qısa müddət ərzində Avropa Baş Ağrısı Federasiyası, Türkiyə Küresel Miqren və Ağrı Dərnəyi ilə əməkdaşlıq memorandumu imzalamışıq. Bugünkü tədbirin əsas məqsədi həm ictimai birliyin təqdimatı, həm də miqren sahəsində çox mühüm sənəd olan “Miqrenin diaqnostikası və idarə edilməsində 10 addım” konsensusunun əsas müddəalarını yerli mütəxəssislərə çatdırmaqdan ibarətdir".
İctimai Birliyin yaradılmasını yüksək qiymətləndirən Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasının direktoru professor Vəsadət Əzizov fikirlərinə belə davam edib: "Miqrenin diaqnostik meyarları, müalicə alqoritmi müəyyənləşib. Son yeniliklərin bölüşülməsi səhiyyədə böyük əhəmiyyət kəsb edəcək. Konfransın faydalı olacağına inanır, işinə uğurlar arzulayıram".
"Azərbaycan Miqren Mütəxəssisləri" İctimai Birliyinin təsisçilərindən biri, ATU-nun nevrologiya kafedrasının müdiri professor Aytən Məmmədbəyli təşkilatın ilk tədbirinin keçirilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, çoxsaylı mütəxəssislər, gənc həkim rezidentlər, tələbələrin iştirak etdiyi tədbirdə mühüm məsələlərə, miqren və baş ağrılarının idarə edilməsi və müalicəsinə toxunulması və mütəxəssislərin öz təcrübəsini bölüşməsi Azərbaycan səhiyyəsi adına faydalı olacaq.
Danimarka Baş Ağrıları Mərkəzinin direktoru professor Məsud Aşinanın konfrans iştirakçılarına videomüraciəti dinlənilib.
Tədbir məruzələrlə davam edib. Professor Sədaqət Hüseynova, baş ağrısı üzrə mütəxəssis Sərxan Əmirquliyev, ATU-nun əməkdaşı həkim-nevroloq Rəna Səmədova məruzələrlə çıxış ediblər. Mövzular ətrafında müzakirələr aparılıb.
Sonda tibb işçilərinə sertifikatlar təqdim olunub.
03:49 19.04.2025
Oxunuş sayı: 877