Aİ yeddi ölkəni “təhlükəsiz” elan etdi

Avropa İttifaqı (Aİ) Kosovo, Banqladeş, Kolumbiya, Misir, Hindistan, Mərakeş və Tunisi “təhlükəsiz ölkələr” elan edərək, bu dövlətlərin vətəndaşları üçün sığınacaq müraciətlərini çətinləşdirməyə hazırlaşır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyası bu gün bütün Aİ üzv ölkələri üçün keçərli olacaq ilk ortaq “təhlükəsiz ölkələr siyahısı” ilə bağlı təklifini təqdim edib.
Komissiyanın bəyanatında bildirilib ki, siyahıda yer alan ölkələrdə münaqişə, təqib və ya qeyri-sabitlik halları olmadığı üçün həmin dövlətlərin vətəndaşları təhlükə altında hesab edilmir.
Yeni siyahının təsdiqlənməsi halında Aİ-yə üzv dövlətlər bu ölkələrdən gələn şəxslərin sığınacaq müraciətlərini daha sürətli şəkildə araşdıracaq və çox zaman qəbul etməyəcək. Eyni zamanda, sığınacaq alma şansı az olan bu şəxslərin deportasiyası da sürətləndiriləcək.
Avropa Komissiyasının məlumatına görə, bəzi Aİ ölkələrinin artıq öz milli “təhlükəsiz ölkələr” siyahıları mövcuddur. Yeni təşəbbüs isə bu siyahıları vahid sistemdə birləşdirərək Aİ səviyyəsində koordinasiyanı gücləndirməyi hədəfləyir.
Komissiyanın məsul nümayəndəsi Maqnus Brunner məsələyə münasibət bildirərək deyib: “Bir çox üzv ölkədə sığınacaq müraciətlərində artım və qərarların gecikməsi müşahidə olunur. Daha sürətli və effektiv qərarların verilməsi üçün bu addımlar böyük əhəmiyyət kəsb edir”.
Hazırda diqqətlər siyahının rəsmən qəbul olunması üçün Avropa Parlamenti və Avropa Şurasına yönəlib.
Aybəniz Səfərova
22:29 16.04.2025
Oxunuş sayı: 1323