Ukraynada hərbi vəziyyət və səfərbərlik uzadıldı

Ukrayna parlamenti – Verxovnaya Rada, Prezident Vladimir Zelenskinin ümumi səfərbərlik və hərbi vəziyyətin müddətinin 6 avqusta qədər uzadılması təşəbbüsünü dəstəkləyib. Qanun layihəsinin lehinə 357 deputat səs verib. Yalnız bir deputat – Poroşenkonun partiyasından olan Aleksey Qonçarenko – əleyhinə səs verib. O, öz mövqeyini demobilizasiya və hərbi xidmət müddətləri ilə bağlı qeyri-müəyyənliyin davam etməsi ilə əsaslandırıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Ukraynada həm prezident, həm də parlament seçkiləri 2024-cü ildə keçirilməli idi. Lakin ölkədə hərbi vəziyyət davam etdiyinə görə seçkilər təxirə salınıb. Ukrayna qanunvericiliyinə əsasən, müharibə şəraitində seçkilərin keçirilməsi qadağandır.
Qeyd edək ki, hərbi vəziyyət və ümumi səfərbərlik ilk dəfə 2022-ci ilin fevral ayında – Rusiya ilə müharibənin başlanğıcında tətbiq olunmuşdu. O vaxtdan bəri bu qərar bir neçə dəfə yenilənib və uzadılıb. Hərbi vəziyyət Ukrayna rəhbərliyinə orduya nəzarəti gücləndirməyə, resursları səfərbər etməyə və təhlükəsizlik tədbirlərini sərtləşdirməyə imkan verir.
Zelenski hökuməti bildirir ki, müharibənin hələ davam etdiyi bir vaxtda səfərbərlik və hərbi vəziyyətin uzadılması zəruridir. Bununla yanaşı, müxalif deputatlar orduda xidmət edən şəxslərin taleyinə dair daha konkret planların təqdim edilməsini tələb edirlər. Xüsusilə, xidmət müddətləri və ehtiyatda olan əsgərlərin gələcəkdə hansı qaydalarla tərxis olunacağı ilə bağlı aydınlıq gözlənilir.
Fatimə Nəbiyeva
17:38 16.04.2025
Oxunuş sayı: 920