Nvidia RTX 5060 və 5060 Ti qrafik kartlarını rəsmən təqdim etdi

Nvidia bu gün 50 seriyasının yeni giriş səviyyəli qrafik kartları olan RTX 5060 və RTX 5060 Ti modellərini təqdim edib. Hər iki model, şirkətin yeni nəsil Blackwell arxitekturası və TSMC 4N prosesi əsasında hazırlanıb.
Daha güclü versiya olan RTX 5060 Ti, 4608 CUDA nüvəsinə malik GB206 çipi ilə təchiz olunub. Kartın artırılmış saat tezliyi 2.57GHz, əsas saat tezliyi isə 2.41GHz-dir. İstifadəçilərə ümumilikdə iki yaddaş seçimi təqdim olunur: 16GB və 8GB GDDR7. Hər iki versiyada 128-bit yaddaş yolu və 28Gbps yaddaş sürəti mövcuddur. Enerji sərfiyyatı isə 180W təşkil edir.
RTX 5060 modeli də eyni çip üzərində qurulub, lakin 3840 CUDA nüvəsi ilə bir qədər zəifdir. Bu model yalnız 8GB GDDR7 yaddaşla təklif olunur. Kart 2.5GHz artırılmış və 2.28GHz əsas saat tezliyinə malikdir. Enerji sərfiyyatı isə 145W-dır ki, bu da əvvəlki nəsil RTX 4060 modelindən daha yüksəkdir.
Hər iki model DLSS 4, Reflex 2, 5-ci nəsil Tensor nüvələri, 4-cü nəsil RT nüvələri, həmçinin yeni NVENC və NVDEC texnologiyaları ilə təchiz olunub. Kartlar PCIe 5.0 interfeysi ilə işləyəcək, lakin yalnız 8x kanallarla məhdud ola bilər.
Şirkət tərəfindən verilən məlumatlara görə, hər iki kart RTX 40 seriyası ilə müqayisədə oyunlarda 20-25% daha yüksək performans təqdim edir. Bununla belə, bu rəqəmlər əsasən görüntü bərpası və kadr artırma texnologiyalarına əsaslanmaqdadır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, RTX 5060 Ti modelinin 16GB versiyası 429 ABŞ dolları, 8GB versiyası isə 379 ABŞ dolları qiyməti ilə 16 aprel tarixindən satışa çıxacaq. RTX 5060 modeli isə 299 ABŞ dolları qiyməti ilə may ayında satışa təqdim ediləcək. Qiymətlər ABŞ bazarı üçün tarifsiz təqdim olunub və dəyişə bilər. Hər iki model yalnız tərəfdaş istehsalçılar tərəfindən təqdim olunacaq, Founders Edition versiyası planlaşdırılmayıb.
Nvidia eyni zamanda RTX 5060 seriyalı noutbuk qrafik kartlarını da elan edib. Bu modellər may ayından etibarən aparıcı noutbuk istehsalçıları tərəfindən təqdim olunacaq.
Zeynəb Yunuszadə
14:00 16.04.2025
Oxunuş sayı: 1605