Nyu-Yorkda helikopter qəzası: Ailə və pilot həlak oldu

Nyu-Yorkda Hadson çayına düşən helikopterdə olan 6 nəfər həyatını itirib.
Nyu-York Polis Departamenti (NYPD) qəza ilə bağlı sosial mediada açıqlama yayıb.
Açıqlamada, helikopterin Hadson çayına düşdüyü, hadisə yerinə ilkin yardım qruplarının göndərildiyi bildirilib və qəzanın səbəbinə dair məlumat verilməyib.
Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ mediasında yer alan xəbərlərdə helikopterin böyük ehtimalla səyahət məqsədi ilə istifadə edildiyi, qəzada 6 nəfərin həyatını itirdiyi qeyd edilib.
İspaniyadan şəhəri gəzməyə gələn 3 uşaqlı ailə həyatını itirib.
Nyu-York meri, Erik Adams keçirdiyi mətbuat konfransında qəzada 3-ü böyük, 3-ü uşaq olmaqla 6 nəfərin öldüyünü bildirib.
Adams, helikopterdə pilotla yanaşı İspaniyadan Nyu-Yorku gəzməyə gələn bir ailənin olduğunu qeyd edib və qəzanın səbəbini müəyyən etmək üçün araşdırma başladıldığını açıqlayıb.
NYPD komissarı Cessika Tiş də 4 nəfərin hadisə yerində, 2 nəfərin isə xəstəxanada həyatını itirdiyini deyib.
Mətbuata danışan və təhlükəsizlik səbəbi ilə adı açıqlanmayan şəxs, qəzada həyatını itirənlərin Siemens Mobility-nin Dəmir Yolu İnfrastrukturu üzrə Baş Direktoru (CEO) Aqustin Eskobar, həyat yoldaşı Mers Kamprubi Montal, onların 3 uşağı və adı açıqlanmayan helikopter pilotu olduğunu bildirib.
Pərvin Hacıyeva
13:35 11.04.2025
Oxunuş sayı: 1750