ABŞ və Rusiya arasında növbəti məhbus mübadiləsi olub

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ABŞ və Rusiya arasında məhbus mübadiləsi baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”a istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ tərəfi Rusiya və Almaniya vətəndaşlığı olan Artyur Petrovu Moskvaya təhvil verib. O, ABŞ istehsalı olan mikroelektronikanı sanksiyalara zidd olaraq Rusiyaya çatdırmaqda ittiham olunub.
Buna cavab olaraq Rusiya ABŞ vətəndaşı olan Kseniya Karelinanı azad edib. Karelinaya Ukraynadakı “Razom for Ukraine” fonduna 100 dollardan az məbləğdə ianə etdiyi üçün dövlətə xəyanət ittihamı ilə 12 il həbs cəzası verilib.
ABŞ dövlət katibi Marko Rubio Karelinanın geri döndüyünü təsdiqləyib. O bildirib ki, Karelinanın həbsi qeyri-qanuni olub və onun azadlığa çıxmasında prezident Donald Trampın şəxsi səyi olub.
Karelinanın azadlığa buraxıldığını onun vəkili də təsdiqləyib.
Petrov isə 2023-cü ildə Kiprdə ABŞ-nin sorğusu əsasında saxlanılmış və 2024-cü ildə Vaşinqtona təhvil verilib. İddialara görə, o, sözügedən mikroelektronikanı Rusiya silahlarında istifadə etmək məqsədilə göndərib.
Həmçinin, Rusiya xarici işlər naziri Sergey Lavrov da mübadilə ilə bağlı mediaya açıqlama verib. O bildirib ki, belə hallarda Rusiya tərəfi razılaşmalardakı məxfilik şərtlərinə əməl etməyə üstünlük verir.
Fatimə Məmmədova
19:36 10.04.2025
Oxunuş sayı: 1787