ABŞ və Rusiyanın İstanbulda ikinci görüşü baş tutdu

ABŞ və Rusiya nümayəndələri İstanbulda bir araya gələrək ikinci dəfə diplomatik səviyyədə görüş keçiriblər. Görüş cümə axşamı Rusiyanın İstanbuldakı Baş Konsulluğunda baş tutub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, görüşdə əsas diqqət səfirliklərin fəaliyyətinin qarşılıqlı normallaşdırılması məsələsinə yönəlib. Həm Kremlin sözçüsü Dmitri Peskov, həm də ABŞ Dövlət Departamenti Ukrayna böhranının müzakirə olunmadığını xüsusi vurğulayıb. Görüşdə Rusiya tərəfini yeni səfir Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətini isə dövlət katibinin Rusiya və Mərkəzi Avropa siyasəti üzrə müvəqqəti köməkçisi Sonata Koulter təmsil edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce bildirib ki, ikitərəfli münasibətlərin normallaşması yalnız Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalandıqdan sonra mümkün ola bilər. Xatırladaq ki, ABŞ və Rusiya diplomatları arasında İstanbulda ilk görüş fevralın 27-də ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda keçirilmiş və 6,5 saat davam etmişdi.
Bu görüşlərin əsası isə fevral ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş 4,5 saatlıq danışıqlarda qoyulmuşdu. Ər-Riyaddakı görüşdə Rusiya tərəfindən Sergey Lavrov və Vladimir Putinin müşaviri Yuri Uşakov, ABŞ tərəfindən isə dövlət katibi Marko Rubio, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və milli təhlükəsizlik müşaviri Mayk Vals iştirak etmişdi. İstanbulda davam edən bu diplomatik təmaslar ABŞ və Rusiya arasında gərgin münasibətlərin az da olsa yumşaldılması baxımından əhəmiyyətli sayılır.
Zəhra Ağayeva
19:13 10.04.2025
Oxunuş sayı: 1616