Serbiya Prezidenti Vuçiçin Paris Səfəri: Makrondan “Strateji” Dəstək

Serbiya Prezidenti Aleksandar Vuçiçin Parisə səfəri, ölkəsində artan ümummilli etirazlar və hökumətə qarşı yaranan siyasi təzyiqlər fonunda baş tutub. Fransa Prezidenti Emmanuel Makron, Vuçiçin çətin dövrdə olduğu bir vaxtda, çərşənbə günü Parisdə Serbiya lideri ilə gizli iş yeməyində görüşüb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Yelisey Sarayı əvvəlcə bu görüşün təfərrüatları və müzakirə edilən mövzular barədə heç bir rəsmi açıqlama verməyib. Lakin, görüşdən sonra Makron sosial media platforması X-də “uzun görüş”dən əldə etdiyi mühüm nəticələri paylaşaraq, Serbiyanın demokratik və avropalı gələcəyinə verdiyi önəmi bir daha vurğulayıb.
Makron, Serbiyanın “dialoq yoluna qayıtmaq” və növbəti hökumətin islahatları davam etdirərək ölkənin iqtisadi tərəqqisini gücləndirmək bacarığına inandığını qeyd edib. O, Serbiyaya daha çox islahat həyata keçirməyi və Avropa İttifaqına yaxınlaşma yolunda irəliləməyi tövsiyə edib.
Serbiyadakı bu səfər, Prezident Vuçiçin hökumətinə qarşı baş verən geniş miqyaslı etirazların fonunda baş tutub. Etirazçılar, Vuçiçi korrupsiya və zorakılıqda ittiham edərək, hökumətin istefasını tələb edirlər. Etirazların təməlində, noyabr ayında Novi Sad qatar stansiyasının beton damının uçması nəticəsində 16 nəfərin həyatını itirməsi və bu hadisənin ölkədəki hakimiyyətin fəaliyyətinə olan narazılıq durur.
Həmçinin, təxminən 100 serb tələbəsindən ibarət bir qrup, gələn həftə Strasburqda Avropa Parlamentinə gedərək, Serbiyadakı vəziyyətlə bağlı Aİ rəsmilərini xəbərdar edəcək. Tələbələr, Avropa İttifaqından ölkələrindəki vəziyyətə yetərli dəstək almadıqlarını bildirirlər.
Zəhra Ağayeva
18:29 10.04.2025
Oxunuş sayı: 1880