Düzgün müraciət forması nədir?: ""Kişi bala", "ay bala"..."

Uzun illərdir cəmiyyətdə "müəllim" sözü təkcə təhsil sahəsində çalışanlara deyil, müxtəlif peşə sahiblərinə də ünvanlanır. Son dövrlərdə isə "müəllim" sözünün yerini tədricən "ustad" ifadəsi almağa başlayıb. Bir çox insan dostlarına, həmkarlarına, hətta xidmət sektorunda çalışanlara da "ustad" deyə müraciət edir.
Bəs niyə insanlar müəllim olmayanlara da "müəllim" kimi xitab edirlər?
Mövzu ilə bağlı Filologiya elmləri doktoru Elçin İbrahimov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, bizim rəsmi müraciət formalarımız var:
"Hörmətli", "cənab", "möhtərəm", "xanım", "zati-aliləri" kimi müraciət formalarımız mövcuddur. Bəzən danışığımızda, nitq prosesində qeyri-rəsmi və nəzakətli müraciətlərdən də istifadə edirik. Məsələn, "əzizim", "əziz dostum", hətta "qardaş", "canım" sözlərindən də müraciət forması kimi istifadə edirik. Xalq arasında çoxlu müraciətlər var: "bəy", "hacı", "xanım", "bibim" və s. Hətta müraciətlər içərisində emosional ifadələr də mövcuddur: "cavan oğlan", "can qardaş", "kişi bala", "ay bala" və s.
Lakin hər kəsə "müəllim" və ya "ustad" demək düzgün deyil. Bu, insanların mütaliəsi, dünyagörüşü və savad səviyyəsi ilə bağlıdır. "Ustad" sözü xüsusi məna daşıyır və hər adama şamil edilə bilməz. Məsələn, universitetlərdə nüfuzlu alimlər üçün ustad dərsləri təşkil olunur. Əgər biz bu sözü elmi sahədə ən yaxşı mütəxəssislər üçün istifadə ediriksə, onda küçədə, bazarda və ya gündəlik ünsiyyətdə ustad sözünü işlətmək yanlışdır".
E.İbrahimovun sözlərinə görə, "müəllim" sözündə biz düzgün olmayan yerlərdə istifadə edirik:
"Hər qalstuk taxana müəllim demək doğru deyil. Müəllim sözü geniş mənaya malikdir və hər kəs üçün işlədilə bilməz. Halbuki bizim "cənab", "bəy", "xanım" kimi müraciət formalarımız var. Təəssüf ki, bu ifadələrdən nitq prosesində az istifadə edirik. Yolda tanımadığımız insana "cənab", "bəy", "xanım" deməkdənsə, daha çox "müəllim" sözünü seçirik. Bu isə insanların dünyagörüşündən, mütaliə səviyyəsindən və ünsiyyət mədəniyyətindən asılıdır. İnsanlar müraciət formasını düzgün seçməyə diqqət yetirməlidirlər. Dilimiz müraciət formaları baxımından kifayət qədər zəngindir, sadəcə, biz onlardan düzgün istifadə etmirik".
Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü də açıqlama verib. Onun sözlərinə görə, insanlara əsasən peşəsinə görə müraciət edilir: "Bizim dildə müxtəlif müraciət formaları var. Bu gün ali təhsil müəssisələrində işgüzar ünsiyyət etikası tədris olunur. Burada müraciət formalarının düzgün seçilməsi və istifadəsi öyrədilir. İnsanlara doğru müraciət etmək, həmçinin insanın mədəniyyət səviyyəsinin göstəricisidir. Müraciət forması düzgün seçilmədikdə ünsiyyətdə çətinlik yaranır.
İnsanlara onların peşəsinə, sənətinə və elmi səviyyəsinə uyğun müraciət edilməlidir. Müəllimliklə əlaqəsi olmayan birinə müəllim demək doğru deyil. Çünki müəllim cəmiyyətdə xüsusi statusa malikdir".
Elnurə Kərimova
16:30 13.02.2025
Oxunuş sayı: 12333