Dövlət Statistika Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdədir
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Türkiyə Statistika İnstitutunun prezidenti Erhan Çetinkayanın dəvəti ilə baş tutan səfər çərçivəsində mayın 6-da Azərbaycan nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını ziyarət edib. Ümummilli Liderin parkdakı abidəsinin önünə tər çiçəklər düzülüb, xatirəsi ehtiramla anılıb.
Azərbaycan nümayəndə heyətinin Türkiyə Statistika İnstitutunda keçirdiyi görüş zamanı Azərbaycan və Türkiyə statistika qurumlarının rəhbərləri A.Mursaqulov və E.Çetinkaya 3 oktyabr 2025-ci il tarixində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2025-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu”na əsasən 2026-cı il üzrə İş Planını imzalayıblar.
Eyni zamanda görüş zamanı iki ölkə arasında statistika sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. İş Planı çərçivəsində kənd təsərrüfatı və sənaye statistikası sahələri, eləcə də rəqəmsal iqtisadiyyatın statistik ölçülməsi, Milli Hesablar Sistemi 2025-də (MHS 2025) nəzərdə tutulan yeniliklərin tətbiqi və ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub.
Səfər çərçivəsində Azər Mursaqulov Ankarada “PARIS21”, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutu və Türkiyə Statistika İnstitutunun birgə təşkilatçılığı ilə “Rəqəmsal cəmiyyətdə məlumat innovasiyasının təşviqi üçün Asiya və Sakit okean regionunda milli statistika idarələrinin rəhbərləri üçün statistik rəhbərliyin gücləndirilməsi” mövzusunda keçirilən regional tədbirdə iştirak edib.
17:24 06.05.2026
Oxunuş sayı: 42