"Qərəzsiz" , "Obyektiv" , "Vicdanlı" Avropa mətbuatı

Hər bir sənətin özünəməxsus terminologiyası və prinsipləri olur. Jurnalistikanın da öz növbəsində, dünyada qəbul edilmiş etik kodeksləri, prinsipləri var. Bu kodeks və prinsiplər bu sənətin peşəkarlığının bünövrəsidir. Onlardan bir neçəsini sadalayaq:
• Obyektivlik – jurnalistin şəxsi fikirlərini və emosiyalarını kənara qoyaraq, hadisələri yalnız faktlara və sübutlara əsaslanaraq təqdim etməsi prinsipidir. Obyektiv jurnalist balanslı informasiya verir, bütün tərəflərin mövqeyini əks etdirir və xəbəri manipulyasiyasız şəkildə təqdim edir. Bu prinsip media etibarının qorunması və cəmiyyətin düzgün məlumatlandırılması üçün vacibdir.
• Qərəzsizlik – jurnalistin heç bir siyasi, iqtisadi və ya şəxsi marağa xidmət etmədən, hadisələri neytral və ədalətli şəkildə təqdim etməsi prinsipidir. Qərəzsiz jurnalist informasiyanı manipulyasiya etmir, heç bir tərəfə üstünlük vermir və auditoriyaya müstəqil qərar vermək imkanı yaradır. Bu, medianın etibarlılığını və cəmiyyətə obyektiv məlumat ötürməsini təmin edir.
• Vicdanlılıq – jurnalistin doğruluq, dürüstlük və əxlaqi dəyərlərə sadiq qalaraq informasiya təqdim etməsi prinsipidir. Vicdanlı jurnalist yalan və manipulyasiya xarakterli xəbərlər yaymır, faktları bilərəkdən təhrif etmir və cəmiyyətin maraqlarını şəxsi və ya kommersiya maraqlarından üstün tutur. Bu prinsip media etikasının əsas sütunlarından biridir.
Bunlar jurnalistikanın təməl prinsipləridir və auditoriyanın xəbər ehtiyacını tam peşəkar şəkildə ödəməsinə xidmət edir. Azərbaycan mətbuatı tam şəkildə bu prinsiplərdən çıxış etsə də, siyasi təsirə düşən bəzi media qurumları istər xəbər portallarında, istərsə də sosial media hesablarında anti-Azerbaycan kompaniyası yürüdürlər. Maraqlısı odur ki, bu kompaniya ilə məşğul olan “The Washington Post” , “Politicio” , “La Monde” kimi xəbər portallar dünyada jurnalist prinsipləri və etikasından az qalsın dərs keçirlər. Mahiyyət isə ondan ibarətdir ki, bu "media orqanları"nı kim maliyyələşdirirsə onun maraqlarına xidmət edirlər. Məsələn bir neçə Avropa media orqanının anti-Azərbaycan kompaniyasına nəzər salaq:
2023-cü ilin dekabrında Fransa mediasında Azərbaycan KİV-inə qarşı qarayaxma kampaniyası aparılmışdı. Bu kampaniya azərbaycanlı jurnalistlərin Fransa müstəmləkəsi olan Yeni Kaledoniyada yerli əhalinin azadlıq hərəkatını işıqlandırmaq cəhdlərinə mane olunmasından sonra baş vermişdi. Azərbaycan Mətbuat Şurası bu cür davranışı bütün etik qaydalara və dəyərlərə zidd hesab edərək pislədi.
2023-cü ilin yanvarında Fransanın “La Monde” qəzeti azərbaycanlı ekologiya fəallarının Xankəndi-Laçın yolundakı etiraz aksiyasını işıqlandırarkən, Azərbaycanın mövqeyini nəzərə almadan birtərəfli məlumat yayımlamışdı. Bu məqalədə Azərbaycan əsassız olaraq “humanitar fəlakət” yaratmaqda ittiham edilmiş və Laçın yolunun “işğal edildiyi” iddia olunmuşdu. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu iddialara cavab olaraq, Qarabağın və Laçın yolunun Azərbaycanın suveren ərazisi olduğunu və Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduğunu vurğuladı.
2024-cü ilin noyabrında “Politico”nun Avropa nəşrində dərc olunan “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqalə də qərəzli və dezinformasiya xarakterli idi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu məqaləni tənqid edərək, onun peşəkar fakt yoxlanışından məhrum olduğunu və spekulyasiya ilə dolu olduğunu bildirmişdi. O, həmçinin qeyd etmişdi ki, 2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib və “Politico” nəşrindən üzr istəməsini və məqaləni geri çəkməsini tələb etmişdir.
2020-ci il Qarabağ müharibəsi dövründə keçirilən media konfranslarında xarici jurnalistlər Azərbaycanın müharibə zamanı mülki əhalini hədəf alması, BMT-nin qərarlarına zidd hərəkətlər etməsi və müharibənin sona çatmasını istəməməsi ilə bağlı qərəzli suallar verdilər. Prezident İlham Əliyev verilən bütün qərəzli suallara faktlarla və çox sərrast şəkildə cavab verdi. İlham Əliyev, həmçinin xarici jurnalistlərə dərs keçərək, Azərbaycan mövqeyini informasiya cəbhəsində güclü şəkildə müdafiə etdi. Azərbaycanın beynəlxalq hüquqa və ədalətə olan bağlılığını bir daha göstərdi. Onun verdiyi cavablar, yalnız Azərbaycanın haqlı mövqeyini nümayiş etdirmədi həm də, qərəzli Avropa jurnalistikasına vurulan bir şillə oldu.
Bu nümunələr Avropa mətbuatında Azərbaycanın mövqeyinin qərəzli şəkildə təqdim edildiyini göstərir və belə halların qarşısının alınması üçün Avropada daha balanslı və obyektiv jurnalistikaya ehtiyac olduğunu ortaya qoyur.
Bununla yanaşı Azərbaycan yerli media orqanları Avropada tənqidlərə məruz qalaraq azad hesab edilmir. Lakin Azərbaycan mətbuatı 1875-ci il "Əkinçi" qəzeti ilə yaranmış və sonra böyük bir inkişaf yolu qət etmişdir. Bu inkişaf yolunda Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə çiyin-çiyinə irəliləmişlər. Azərbaycan publisitlərinin XX əsrdə ortaya qoyduğu mətbuat, jurnalistika prinsiplərini Avropa hələ bugün mənimsəyir. Mənimsədiyi də şübhə altındadır.
Bizi hər fürsətdə tənqid və ittiham edən Avropa, xüsusən də Fransa mediası öz dövlətinin müstəmləkələrindən, məhv olan iqtisadiyyatından, dini münaqişələrindən yazsın. Onları Azərbaycan yox, bundan sonra müstəmləkələri olmadan necə mövcud olacaqları maraqlandırsın. "Qərəzsiz" , "obyektiv" , "vicdanlı" mətbuatın tələbi budur.
Ayhan Ağarzayev
19:06 07.02.2025
Oxunuş sayı: 5065