"TDT-nin növbəti zirvə görüşü və digər görüşlər artıq institutlaşma dövrünə qədəm qoymalıdır"- ŞƏRH

2024-cü il noyabrın Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşü baş tutdu. Sözügedən görüşdə regional və qlobal əməkdaşlığın, təhlükəsizliyin təmin olunması istiqamətində danışıqlar aparılaraq, mühüm qərarlar qəbul edildi. Burada bir sıra türk dövlətləri ilə birlikdə Azərbaycan da iştirak edirdi. Görüş zamanı "Çingiz Aytmatov" ordenin təqdim edilməsi, məhz Azərbaycanın səyləri Prezident İlham Əliyevin strateji zəkasına verilən qiymət kimi dəyərləndirilə bilər. Lakin bu dəyər sadəcə ordenlə kifayətlənmir, eləcə də görüş çərçivəsində TDT liderlərinin 12-ci sammitinin 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edildi. Bu günlərdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da bu mövzuya toxunaraq, belə bir görüşün Azərbaycanda keçirilməsini çıxışı zamanı yenidən vurğuladı.
Mövzu ilə bağlı iqtisadi ekspert Natiq Cəfərli fikirlərini Crossmedia.az-la bölüşüb:
"Azərbaycanın strateji, dövlət partiyası səviyyəsində, dövlət sənədlərində dəfələrlə elan olunmuş əsas hədəflərdən biri TDT-nin genişləndirilməsi, böyüməsi və kifayət qədər nüfuza malik olması ilə bağlı qərarlar verməkdir. Belə bir amal açıq şəkildə də ifadə olunur. Bu baxımdan demək olar ki, TDT-nin növbəti zirvə görüşü və digər görüşlər artıq institutlaşma dövrünə qədəm qoymalıdır. Təkcə görüşlərin keçirilməsi, ümumi hədəflərin bəyan olunmasından savayı, təşkilatın real fəaliyyət mexanizmlərinin formalaşması lazımdır. Eləcə də Azərbaycan və Türkiyənin bu təşkilatı mühüm tutub, önəm verməkləri onu deməyə əsas verir ki, bu il keçiriləcək görüşdə təşkilatın növbəti inkişaf mərhələləri ilə bağlı mühüm qərarlar verilə bilər. Belə ki, bundan sonrakı mərhələlərdə ali qurumların yaradılması, investisiya fondunun fəaliyyətinin genişləndirilməsi və ya parlamentlərarası işçi qrupların formalaşdırılması kimi addımlar atıla bilər. Təkcə zirvə görüşlərinin keçirilməsi ilə kifayətlənməməli, artıq konkret fəaliyyət proqramları hazırlanmalıdır. Bu barədə bəyanatlar da verilib və indi isə onların reallaşması üçün müxtəlif proqramlar çərçivəsində addımlar atılmalıdır. Bakı görüşünün də məhz sözügedən addımların koordinasiyası baxımından ciddi rol oynaya biləcəyini söyləyə bilərik".
TDT-nin 12-ci Zirvə görüşündə beynəlxalq səviyyədə həllini tapacaq mövzulara gəlincə isə iqtisadçı əlavə edib ki, beynəlxalq münasibətlərdə TDT-nin vahid xarici siyasət konsepsiyasının olması vacibdir:
"Təbii ki, dövlətlərin maraqları fərqlidir. Hərçənd, TDT çərçivəsində sıx əlaqələr mövcuddur. Lakin ən yaxın dövlətlərin belə müxtəlif maraqlara malik olması təbiidir. Əsas məsələ bu maraqların koordinasiya edilməsi üçün bir strukturun, qurumun yaradılmasıdır. Müasir, təhlükələrin və çağırışların artdığı bir dünyada TDT-nin bir çox məsələdə vahid mövqedən çıxış etmək imkanı var. Elə məsələlər də var ki, burada üzv ölkələrin maraqları kifayət qədər üst-üstə düşür. Ona görə də əsas məsələ, beynəlxalq münasibətlərdə koordinasiya olunmuş siyasətin yeridilməsidir. Bu, təşkilata daxil olan bütün ölkələrə fayda və üstünlüklər gətirəcək. Bu mənada xarici ticarət və təhlükəsizlik məsələləri üzrə koordinasiyanın gücləndirilməsi və bu barədə qərarların qəbul edilməsi mümkündür".
Aytac Kərimova
15:47 04.02.2025
Oxunuş sayı: 4569