Nadir Məmmədlidən “Danışmaqxana”ya reaksiya - Get otur çayxanada, nə qədər istəyirsən danış!
Milli Məclisdə deputat Səyyad Aranın
çıxış vaxtının məhdudlaşdırılmasına etiraz edərək “Bura Milli Məclisdir,
danışmaqxanadır” deməsi, spiker Sahibə Qafarovanın isə “Danışmaqxana deyil,
parlamentdir” cavabı maraqlı bir müzakirəyə yol açıb. Əslində, bu dialoqda
diqqətçəkən məqam odur ki, “parlament” sözünün tarixi mənşəyi də danışmaq və
müzakirə etmək anlayışı ilə bağlıdır. Fransız dilindəki parlement sözü əvvəlcə
söhbət, müzakirə mənasında işlənib, sonradan qərarların müzakirə olunduğu
məclis anlayışını qazanıb.
Belə çıxır ki, deputatın işlətdiyi “danışmaqxana” ifadəsi sözün ilkin mənası ilə müəyyən qədər səsləşir. Amma bu, parlamentin sadəcə danışıq yeri olması demək deyil. Parlament qanunvericilik, müzakirə, nəzarət və qərarların qəbulu funksiyalarını daşıyan dövlət institutudur. Bəs “danışmaqxana” ifadəsi dilçilik baxımından nə dərəcədə əsaslıdır?

Məsələ ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli bildirib ki, Parlament anlayışını bu qədər bəsitləşdirmək olmaz:
“Beynəlxalq sözləri dəyişmək düzgün deyil. Beynəlxalq sözü dəyişməklə, onun
əvəzinə milli söz qoymaqla məsələ bitmir, milliləşmir. Bu, biabırçılıqdır. Belə
yanaşma olmaz.
Beynəlxalq terminlər var, beynəlxalq sözlər var, dillərin bir-birinə
inteqrasiyası var. Hər dil söz almır, hər dil söz vermir. Yaxşı, parlamenti “danışmaqxana”
edək, yaxud “danışıqxana” adlandıraq. Nə qədər istəyirsən, danış. Ayıbdır belə
yanaşma! Danışmaqxana? Get otur çayxanada, nə qədər istəyirsən danış. Gör, bu
söz parlamentə yaraşırmı?”
Professor qeyd edib ki, belə müzakirələr bütün dövlətlərdə olub:
“Türkiyədə 1928-ci ildə, bizdə isə 1937-ci ildə purizm deyilən bir hərəkat
yaranıb. Bu hərəkatın məqsədi ərəb-fars sözlərinin mütləq şəkildə dildən
çıxarılması və onların əvəzinə milli sözlərin daxil edilməsi idi. Bu, düzgün
fikir deyil.
Bizi birləşdirən ərəb, fars sözləridir. Türk dilli xalqların hamısı eyni
taleyi yaşayıb. Qazaxlar da, özbəklər də, qırğızlar da, türkmənlər də, azərbaycanlılar
da - hamımız eyni tarixi yaşamışıq. Ərəb və fars sözləri bu xalqların dillərinə
eyni səviyyədə keçib. Bu gün biz başlasaq həmin sözləri dildən çıxarmağa, nə
olacaq? Bu, biabırçılıqdır. Bütün dünya dillərində bu, normal haldır. Bütün
dünya dilləri başqa dillərdən söz alıb.
Keçmə sözlər var, zorla keçən sözlər var, gəlmə sözlər var. Nə qədər
istəsəniz, sadalaya bilərəm. Söhbət alınma sözdən gedirsə, dilə ehtiyacdan
gələn sözlərdən danışırıq. Bu gün ehtiyacdan hansısa sözü işlədiriksə, bu,
normaldır.
Alınma söz nədir? Əcnəbi söz nədir? Əcnəbi söz dildə yadlığını hiss etdirir.
Alınma söz isə dilə ehtiyacdan gəlir. Mütləq həmin sözü dəyişməliyik?
Milliləşdirməliyik? Axı milli sözlərin çox mənası var. Məsələn, “getmək”
sözünün 35 mənası var. Əcnəbi mənşəli söz isə dilə bir mənasına görə alınır.
Mən dilimizi lazımsız alınma sözlərlə doldurmağın tərəfdarı deyiləm. Amma
dünya standartlarında işlənən, dünya dillərində istifadə olunan sözləri biz də
qəbul edə bilərik. Bu, dillərin bir-birinə mədəni keçididir. Ancaq hansısa sözü
zorla dəyişdirib “danışmaqxana” etmək heç bir məntiqə uyğun gəlmir.
Milli Məclisin nəyi pisdir ki? “Parlament” sözünün nəyi pisdir? Mirzə Fətəli Axundov hələ o vaxt parlamentin nə olduğunu izah edib. Məsələni bu cür qoymaq düzgün deyil. Parlament anlayışını bu səviyyəyə endirmək, ucuzlaşdırmaq olmaz. Belə danışmaq olmaz. “Danışmaqxana” ifadəsi ilə bunu izah etmək düzgün deyil”.
Məhəbbət Tərlanoğlu
11:30 18.11.2026
Oxunuş sayı: 344