İsrail və ABŞ-də seçkilər: nəticələr dünyaya təsir edə bilər
İsraildə və ABŞ-də keçiriləcək seçkilərin nəticələri Yaxın Şərqdəki münaqişələrin gedişinə, İranla münasibətlərə və qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, BBC-nin diplomatik müxbiri Ceyms Lendeylin təhlilinə görə, İsraildə oktyabrın 27-də parlament seçkiləri, ABŞ-də isə bir həftə sonra Konqresə aralıq seçkilər keçiriləcək.
Seçkilərin əsas mövzularından biri İranla müharibədir. İsrailin baş naziri Benyamin Netanyahu seçki kampaniyasında İrana qarşı yeni hərbi əməliyyat ehtimalını gündəmə gətirib. ABŞ Prezidenti Donald Tramp da Netanyahuya dəstəyini ifadə edərək İranla bağlı əməliyyatın başa çatdırılmasına çağırıb.
Bununla belə, ABŞ-da enerji qiymətlərinin artması və müharibənin iqtisadi nəticələri Tramp administrasiyasına təzyiq yaradır. Hörmüz boğazında enerji daşımalarının məhdudlaşması yanacaq qiymətlərinə təsir göstərib, yaşayış xərcləri isə ABŞ seçkilərinin əsas məsələlərindən birinə çevrilib.
Analitiklərin fikrincə, İsraildə yeni hökumətin formalaşması İrana qarşı mümkün hərbi addımların taleyinə təsir edə bilər. ABŞ-da isə Demokratların Konqresdə mövqelərini gücləndirməsi İsrailə hərbi yardım və müharibə xərcləri ilə bağlı müzakirələri dəyişə bilər.
Məqalədə vurğulanır ki, İranla münaqişənin yenidən genişlənməsi Yaxın Şərqdə gərginliyi artırmaqla yanaşı, enerji bazarlarına və dünya iqtisadiyyatına da ciddi zərbə vura bilər. Buna görə də hər iki ölkədə seçicilərin verəcəyi qərarlar beynəlxalq siyasətin gələcək istiqamətinə təsir göstərəcək.
08:50 27.10.2026
Oxunuş sayı: 61