İsrailin Qəzzaya hücumlarında son sutkada 12 nəfər həlak olub
İsrail ordusunun atəşkəsə baxmayaraq Qəzza zolağına hücumları nəticəsində son 24 saat ərzində 12 fələstinli həyatını itirib, 35 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına istinadən Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci il oktyabrın 10-da atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumları nəticəsində 1 559 nəfər ölüb, 5 608 nəfər yaralanıb. Dağıntılar altından isə 845 nəfərin meyiti çıxarılıb.
2023-cü ilin oktyabrından bəri Qəzza zolağında ölənlərin ümumi sayı 74 555-ə, yaralıların sayı isə 175 727-yə çatıb. Dağıntılar altında hələ də minlərlə meyitin qaldığı bildirilir.
Məlumata görə, İsrail ordusu Xan Yunisin cənubunda məcburi köçkün fələstinlilərin yaşadığı çadırları da hədəfə alıb. Hücumlar nəticəsində biri uşaq olmaqla bir neçə nəfər həlak olub, yaralananlar var.
Qəzza zolağının şimalında və mərkəzi hissəsində də hücumlar davam edib. İsrail ordusu müxtəlif əraziləri artilleriya atəşinə tutub, pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Qeyd edək ki, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzza zolağında hücumlarını davam etdirir.
00:30 27.10.2026
Oxunuş sayı: 47