Baş nazir vəzifəsindən uzaqlaşdırılmasaydım, britaniyalılar 2040-cı ilədək Marsa gedə bilərdi - Liz Trass
Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass vəzifədə qalacağı təqdirdə ölkənin 2040-cı ilədək Marsa bir neçə uğurlu missiya həyata keçirə biləcəyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Trass bu fikirləri bazar ertəsi nəşr olunan “Bank Job” adlı yeni kitabında irəli sürüb. Kitabda o, 2022-ci ildə təqdim etdiyi mini-büdcənin maliyyə bazarlarında yaratdığı böhrana görə İngiltərə Bankını və digər dövlət qurumlarını günahlandırıb.
Keçmiş baş nazirin təsəvvür etdiyi 2040-cı ildə Britaniyada Avropa İttifaqının qanunları qüvvədə olmayacaq, süni intellekt sahəsində daha sərbəst tənzimləmə tətbiq ediləcək, enerji xərcləri azalacaq və ölkə bu texnologiya sahəsində liderlərdən birinə çevriləcək.
Trass həmçinin “Bitcoin”in kommersiya məqsədləri üçün pul forması kimi vergiyə cəlb edilməsini və mərkəzi bankın rəqəmsal valyutasının tətbiq olunmamasını nəzərdə tutan gələcək təsvir edib.
Qeyd edək ki, Liz Trass 2022-ci ildə cəmi 49 gün baş nazir vəzifəsində çalışıb. O, 2024-cü il parlament seçkilərində deputat mandatını itirib.
23:00 26.10.2026
Oxunuş sayı: 63