Niyə bizi istəməyənlərin arxasınca qaçır, bizi sevənlərdən uzaqlaşırıq?
Kiminsə sizi sevməsini, diqqət göstərməsini və sizə dəyər verməsini istəyirsiniz. Lakin tam da arzuladığınız bu hiss gerçəkləşməyə, qarşı tərəf sizə yaxınlaşmağa başlayanda daxilinizdə tamamilə fərqli bir reaksiya baş qaldırır: "Bəlkə bir az məsafə saxlayım?"
Mesajlara daha gec cavab verməyə başlayırsınız. Əvvəllər ruhunuzu oxşayan o diqqət və yaxınlıq artıq üzərinizdə ağır bir təzyiq kimi hiss olunur. Münasibət ciddiləşdikcə qarşı tərəfdə qüsurlar, bəhanələr axtarmağa başlayırsınız. Bəzən hətta problemin digər insanda olmadığını, sadəcə onun sizə "çox yaxınlaşdığı" üçün geri çəkildiyini də aydın dərk edirsiniz.
Bəs bizi sevgini arzuladığımız halda, ona nail olduqda qaçmağa məcbur edən bu daxili ziddiyyət nədir? Bəzən böyük sevgi və ehtiras kimi qəbul edilən bu gərginlik, əslində uşaqlıq dövründən formalaşan bağlanma modellərinin və daxili dəyər axtarışının göstəricisi ola bilər.
Mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, uşaqlıq dövründəki qeyri-ardıcıl qayğı yetkinlikdə təşvişli bağlanmaya və daxili narahatlığa yol açır:
"Bəzən insan ona dəyər verən, münasibətdə ardıcıl və diqqətli olan şəxsi darıxdırıcı hesab edir, emosional məsafə saxlayan birinə isə daha güclü maraq göstərir. Bunun mümkün izahlarından biri insanın yaxınlığı necə öyrənməsi və sevgidən nə gözləməsidir. Uşaqlıqda qayğı və diqqət qeyri-ardıcıl olubsa, valideyn bəzən isti münasibət göstərib, bəzən isə emosional olaraq əlçatmaz qalıbsa, insanda münasibətin davamlılığına dair narahatlıq yarana bilər. Yetkinlikdə bu, "Məni həqiqətən sevir?", "Məni tərk edəcəkmi?" kimi suallarla özünü göstərir. Təşvişli bağlanma meyli olan şəxs qarşı tərəfin uzaqlaşmasına daha həssas yanaşır. Belə vəziyyətdə soyuq davranan insanın diqqətini qazanmaq şəxsi dəyərini sübut etmək cəhdinə çevrilir: "Əgər o məni seçsə, deməli, sevilməyə layiqəm". İnsan bu gərginliyi güclü sevgi kimi yaşaya bilər, halbuki hissin intensivliyi münasibətin sağlamlığını göstərən meyar deyil".
E.Rüstəmov qaçınan bağlanma mexanizminə və fərqli psixoloji motivlərə də diqqət çəkib:
"Yaxınlıqdan qaçınan bağlanma meylində isə fərqli bir mexanizm mümkündür. İnsan münasibət arzulasa da, qarşı tərəf ona həqiqətən yaxınlaşanda narahatlıq keçirə, məsafə saxlamağa və həmin şəxsin çatışmazlıqlarına diqqət yetirməyə başlaya bilər. Emosional olaraq əlçatmaz biri ilə maraqlanmaq onun üçün daha az yaxınlıq riski daşıyır. Bəzi insanlarda isə həm tərk edilmək qorxusu, həm də yaxınlıqdan çəkinmə birlikdə müşahidə olunur. Lakin mühüm bir məqam var: bizə dəyər verən hər insana romantik hiss bəsləməyə borclu deyilik. Maraq yaranmaması uyğunluğun, ortaq dəyərlərin və qarşılıqlı cazibənin olmaması ilə də bağlı ola bilər. Diqqət yetirilməli hal, qayğı göstərən insanlardan davamlı uzaqlaşıb, bizi görməzdən gələnlərin təsdiqini təkrar-təkrar axtarmağımızdır".
Mütəxəssis daxili dəyər hissinin bərpası və sağlam münasibətin əsas meyarlarını vurğulayıb:
"Uşaqlıq təcrübələri bu davranışa zəmin yaratsa da, insanın münasibət gələcəyini birdəfəlik müəyyən etmir. Təhlükəsiz, həssas və ardıcıl münasibət təcrübəsi bağlanma ilə bağlı narahatlıqların azalmasına kömək edə bilər. İnsan özünə belə bir sual verməlidir: "Mən bu şəxslə münasibət qurmaq istəyirəm, yoxsa onun məni seçməsi ilə öz dəyərimi sübut etməyə çalışıram?"Bu fərqi görmək vacibdir. Sağlam münasibətdə maraq və həyəcanla yanaşı qarşılıqlı hörmət, etibar və emosional təhlükəsizlik də olmalıdır. İnsan özünü sevilməyə layiq hiss etmək üçün daim kiminsə diqqətini qazanmaq məcburiyyətində qalmamalıdır".
Fatimə Cabbarlı
21:00 26.10.2026
Oxunuş sayı: 54