“Meta” süni intellekt yatırımları üçün 95 milyard dollarlıq maliyyə planı açıqlayıb
ABŞ-ın texnologiya şirkəti “Meta” süni intellekt infrastrukturu və fərdi superintellekt sahəsində investisiyalarını dəstəkləmək məqsədilə təxminən 95 milyard dollarlıq maliyyələşdirmə planı elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Şirkətin açıqlamasına görə, maliyyələşdirmə çərçivəsində 22,5 milyard dollar dəyərində A sinifli adi səhmlərin və imtiyazlı səhmlərdəki payları təmsil edən 250 milyon depozitar səhmin təxminən 12,5 milyard dollar dəyərində satışına başlanılıb. Beləliklə, ilkin mərhələdə ümumilikdə 35 milyard dollarlıq iki ayrı səhm təklifi irəli sürülüb.
Bundan əlavə, C sinifli adi səhmlərin ticarətə çıxmasından sonra təxminən 60 milyard dollar dəyərində əlavə səhm satışını nəzərdə tutan proqramın başladılması planlaşdırılır.
“Meta” bildirib ki, “Nvidia”, “Advanced Micro Devices” (AMD) və “Broadcom” A sinifli səhmlərin satışından ümumilikdə 5 milyard dollaradək hissəni almaqda maraqlıdır.
Şirkətin məlumatına əsasən, süni intellektə yatırımlar istifadəçi fəallığının artmasına, reklamların effektivliyinin yüksəlməsinə və gəlir imkanlarının genişlənməsinə töhfə verir. “Meta” 2026-cı il üçün kapital xərclərinin 135–145 milyard dollar arasında olacağını proqnozlaşdırır.
Açıqlamada həmçinin qeyd olunub ki, sentyabr ayına olan məlumata görə, hər gün 3,64 milyard insan “Meta”ya məxsus tətbiqlərdən ən azı birindən istifadə edib. Şirkətin “Muse” adlı süni intellekt köməkçisi isə istifadəyə verildiyi ilk həftələrdə ABŞ və Kanadada 10 milyondan çox istifadəçiyə çatıb.
02:30 27.10.2026
Oxunuş sayı: 66