Tramp: Şimal dənizində qazma işləri Britaniyanı zənginləşdirəcək
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Şimal dənizində qazma işlərinə başlamasını alqışlayaraq bunun ölkə iqtisadiyyatına böyük fayda verəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri Şimal dənizində enerji layihələrinin inkişafını Böyük Britaniya və Şotlandiyanın Aberdin bölgəsi üçün müsbət hadisə adlandırıb.
“Bu, Böyük Britaniyanın və Aberdin bölgəsinin rifahı və inkişafı üçün əla xəbərdir. Böyük Britaniya dünyanın ən böyük və zəngin neft bölgələrindən biri olan Şimal dənizində qazma işlərinə başlayıb”, – deyə Tramp qeyd edib.
O, Britaniyanın mövcud enerji ehtiyatlarından maksimum istifadə etməsinin vacibliyini vurğulayıb.
“Onlar tam gücü ilə işləməlidirlər! Bu, Böyük Britaniyanı yenidən çox zəngin edəcək”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp, həmçinin külək elektrik stansiyalarını baha başa gələn və səmərəsiz layihələr adlandıraraq onların əleyhinə çıxıb.
Qeyd edək ki, oktyabrın 21-də Böyük Britaniya hökuməti Şimal dənizində yerləşən “Jackdaw” qaz yatağının işlənilməsinə icazə verib. Layihənin ölkənin daxili qaz hasilatını artıracağı gözlənilir.
Tramp avqust ayında da Böyük Britaniyanın iqtisadi vəziyyətini tənqid edərək Şimal dənizinin enerji ehtiyatlarından istifadənin ölkənin rifahını yüksəldə biləcəyini bildirmişdi.
16:37 21.10.2026
Oxunuş sayı: 47