Tusk Ukraynanı Aİ üzvlüyünün təhlükəyə düşəcəyi ilə hədələdi
Polşanın Baş naziri Donald Tusk Ukraynanın Lvov vilayətində 2027-ci ilin Ukrayna Üsyançı Ordusu (UPA), Roman Şuxeviç və Oleq Oljıçın xatirəsinə həsr olunması barədə qərarı sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, Polşanın “RMF24” nəşri bu barədə məlumat yayıb.
Tusk bildirib ki, Lvov Vilayət Şurasının qərarı Ukraynanın maraqlarına ziddir və iki ölkə arasında münasibətlərə zərər vurur.
Baş nazirin sözlərinə görə, belə addımlar Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı çıxan qüvvələrə əlavə arqument verə bilər.
O, Kiyevdəki tərəfdaşlarını Polşa ilə müttəfiqlik münasibətlərinə xələl gətirən qərarların qarşısını almağa çağırıb.
Tusk bu məsələ ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenskini əvvəllər də xəbərdar etdiyini bildirib və həmin qərarı yanlış siyasi taktika adlandırıb.
Qeyd edək ki, Lvov Vilayət Şurası oktyabrın 20-də 2027-ci ilin Roman Şuxeviç, Ukrayna Üsyançı Ordusu və Ukrayna Millətçiləri Təşkilatının üzvü Oleq Oljıçın xatirəsinə həsr olunması barədə qərar qəbul edib.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış da qərarı qəbuledilməz adlandıraraq Ukrayna hakimiyyətindən müvafiq reaksiya gözlədiklərini bildirib.
Polşa xarici işlər nazirinin müavini Marçin Bosatski isə Ukrayna Prezidentinin yaxın ətrafından qərarın qüvvəyə minməyəcəyinə dair vəd aldıqlarını açıqlayıb. Bununla belə, Varşava Kiyevin rəsmi mövqeyini gözləyir.
15:30 21.10.2026
Oxunuş sayı: 42