Qazi: müharibədə iştirak etmək heç kimə qanunlardan kənara çıxmaq imtiyazı vermir
Qazilərin və xüsusi təyinatlıların Vətən qarşısında xidmətləri, döyüşlərdə göstərdikləri şücaət və fədakarlıq cəmiyyət tərəfindən hər zaman yüksək qiymətləndirilir. Bununla belə, hərbi xidmətə və qazilik statusuna hörmət qanunvericiliyin tələblərinə əməl olunması məsələsini də gündəmə gətirir. Son dövrlərdə ictimai birliklərin loqolarından istifadə etməklə dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edilməsi ilə bağlı müzakirələr bu mövzunun yenidən diqqət mərkəzinə düşməsinə səbəb olub. Oxşar halların Birinci Qarabağ müharibəsinin qaziləri və veteranları arasında da müşahidə edildiyi, bəzi sürücülərin polis tərəfindən saxlanıldıqda döyüş xidmətlərini əsas gətirdikləri bildirilir. Halbuki Azərbaycan qanunvericiliyinə əsasən, dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati məsuliyyət yarada bilər və belə avtomobilin sürücüsü müəyyən inzibati cəza alır. Sual yaranır: qazilik və veteranlıq statusu yol hərəkəti qaydalarından kənara çıxmağa əsas verirmi, yoxsa Vətən qarşısında xidmətlə qanun qarşısında məsuliyyət bir-birindən ayrı tutulmalıdır?
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə qazilik və veteranlıq statusundan istifadə edərək avtomobilləri dövlət qeydiyyat nişanı olmadan idarə edən, eləcə də təşkilatın loqosundan qanunsuz istifadə edən şəxslərlə bağlı Crossmedia.az-a açıqlamasında danışıb.

O bildirib ki, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçılarının qəhrəmanlığı danılmazdır, lakin bu status qanun pozuntularına əsas vermir: “İstər Birinci Qarabağ müharibəsinin, istər İkinci Qarabağ müharibəsinin, istərsə də digər dövrlərin qaziləri və veteranlarının əməyi, göstərdikləri qəhrəmanlıq danılmazdır. Lakin bu, kiməsə qazilik və ya veteranlıq statusundan istifadə edərək avtomobili dövlət qeydiyyat nişanı olmadan, yaxud sərxoş vəziyyətdə idarə etmək hüququ vermir. Qazilik və veteranlıq heç kimə qanunlardan kənara çıxmaq imtiyazı yaratmır”.
B.Məmmədzadə qeyd edib ki, bəzi şəxslər təşkilatın loqosundan icazəsiz istifadə edərək özlərini onun üzvü kimi təqdim edirlər: “Bir neçə dəfə təşkilatımıza aid olmayan şəxslərin loqomuzdan istifadə edərək avtomobillərinə xüsusi nişanlar vurduğunun, dövlət qeydiyyat nişanlarını çıxararaq nəqliyyat vasitələrini idarə etdiklərinin şahidi olmuşuq. Belə hallarla qarşılaşdıqda həmin şəxslərə bunun qanunsuz olduğunu bildiririk. İstər təşkilatın üzvü olsun, istərsə də olmasın, heç kimin loqodan istifadə edərək qanunu pozması yolverilməzdir. Təşkilatın loqosunu avtomobilə vurmaq dövlət qeydiyyat nişanını çıxararaq nəqliyyat vasitəsini idarə etməyə əsas vermir”.
Bəhruz Məmmədzadə sonuncu belə hadisələrdən birinin Qubada baş verdiyini deyib. Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparıldıqdan sonra həmin şəxsin təşkilatın üzvü olmadığı müəyyənləşib: “Sonuncu dəfə Quba şəhərində müharibə iştirakçısı olan bir şəxsin təşkilatımızın loqosundan istifadə edərək avtomobilin dövlət qeydiyyat nişanını çıxardığı və nəqliyyat vasitəsini bu vəziyyətdə idarə edərək qəza törətdiyi barədə məlumat əldə etdik. Araşdırmamız nəticəsində onun təşkilatımızın üzvü olmadığı məlum oldu. Həmin şəxs loqomuzdan istifadə edərək özünü xüsusi təyinatlı kimi təqdim edib və təşkilatımızın üzvü olduğunu bildirib. Bu cür hallar həm qanun pozuntusudur, həm də təşkilatımızın nüfuzuna zərər vurur”.
İctimai Birliyin sədri bildirib ki, idarə heyəti belə halları pisləyir və qanunsuz davranışlara qarşı mövqeyini açıq şəkildə ifadə etməyi vacib sayır: “İdarə heyətinin qərarı ilə bu kimi halları pisləyən bəyanat hazırlamağı məqsədəuyğun hesab etdik. İstər təşkilatın üzvləri, istərsə də loqomuzdan qanunsuz istifadə edən kənar şəxslər tərəfindən bu cür əməllərə yol verilməsini qəbul etmirik. Bildirmək istəyirik ki, təşkilatımızın adından və rəmzlərindən istifadə edərək qanun pozuntularına yol verilməsi yolverilməzdir. Bütün üzvlərimizi qanunlara hörmətlə yanaşmağa çağırırıq”.
Nigar Xəlilli
16:00 21.10.2026
Oxunuş sayı: 47