Merts: Ən böyük narahatlığımız Rusiya ilə bağlıdır
Almaniya kansleri Fridrix Merts ölkəsi üçün ən böyük narahatlığın iqtisadiyyat, ABŞ və ya Çin deyil, Rusiyanın Avropa cəmiyyətlərinə təsiri olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Merts Rusiyanı Soyuq müharibədən sonra Avropada formalaşmış siyasi nizama ciddi zərbə vurmaqda ittiham edib.
Kansler, xüsusilə Rusiyanın Avropa ölkələrinə qarşı həyata keçirdiyini iddia etdiyi hibrid hücumlardan narahatlığını ifadə edib.
“Hazırda mənim ən böyük narahatlığım iqtisadiyyatımız, ABŞ və ya Çin deyil, Rusiyanın cəmiyyətimizə təsiridir”, – deyə o vurğulayıb.
Almaniya kanslerinin sözlərinə görə, bu cür hücumlar hər gün baş verir, lakin avropalılar təhlükənin ciddiliyini hələ də kifayət qədər qiymətləndirmirlər.
Merts daha əvvəl Ukraynanın kapitulyasiyasının qəbuledilməz olduğunu bildirmişdi. O, Ukraynanın təslim olmasını Avropanın da kapitulyasiyası kimi qiymətləndirərək Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini açıqlamışdı.
Kansler, eyni zamanda, Almaniya və Avropanın Ukraynada müharibənin başa çatdırılması üçün istənilən vaxt danışıqlara hazır olduğunu vurğulayıb.
16:27 21.10.2026
Oxunuş sayı: 48