Slovakiya Rusiya ilə əməkdaşlığı bərpa edir
Slovakiya Avropa İttifaqı (Aİ) və NATO üzrə müttəfiqlərinin mövqeyindən fərqli olaraq, Rusiya ilə iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə hökumətlərarası məsləhətləşmələri bərpa etmək qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə Slovakiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiya–Slovakiya hökumətlərarası komissiyasının növbəti iclası oktyabrın 26-da Moskvada keçiriləcək.
Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlamasından sonra komissiyanın ilk görüşü olacaq.
Danışıqlarda enerji, o cümlədən nüvə energetikası, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm, idman və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə ediləcək.
Slovakiya Xarici İşlər Nazirliyinin məlumatına görə, nümayəndə heyətinə ölkənin xarici işlər naziri Yuray Blanar rəhbərlik edəcək.
Rəsmi Bratislava Moskva ilə qarşılıqlı maraq doğuran sahələrdə konstruktiv münasibətləri davam etdirmək niyyətində olduğunu bildirib. Bununla yanaşı, əməkdaşlığın Avropa İttifaqı qarşısındakı öhdəliklərə və mövcud sanksiya rejiminə uyğun aparılacağı vurğulanıb.
Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso Rusiya ilə dialoqun davam etdirilməsini dəstəkləyir və Avropa İttifaqının Moskvaya qarşı bəzi sanksiyalarını tənqid edir.
16:41 21.10.2026
Oxunuş sayı: 58