Makron Trampın açıqlamalarını “axmaqlıq” adlandırdı
Fransa Prezidenti Emmanuel Makron ölkəsindəki kütləvi etirazlarla bağlı ABŞ Prezidenti Donald Tramp və digər xarici liderlərin səsləndirdiyi fikirləri sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, AFP agentliyi bu barədə məlumat yayıb.
Qətərin paytaxtı Dohada jurnalistlərə açıqlama verən Makron Fransadakı etirazlar zamanı xaricdən informasiya manipulyasiyasına cəhdlərin olduğunu bildirib.
“Etirazlar zamanı informasiyaya xarici müdaxilə olub. Bu, şübhəsizdir. Nəticədə bir çox insan, o cümlədən xarici liderlər qəbuledilməz və açıq şəkildə axmaq fikirlər səsləndiriblər”, – deyə Fransa lideri vurğulayıb.
Jurnalistin bu sözlərin Trampa ünvanlanıb-ünvanlanmadığı barədə sualına Makron “Başqaları ilə yanaşı” cavabını verib.
Prezidentin sözlərinə görə, sosial şəbəkələrdə süni intellekt vasitəsilə hazırlanmış və Fransada əslində baş verməmiş hadisələri əks etdirən saxta görüntülər yayılır.
O, Fransanın “miqrant və islamçı axınına məruz qalması” barədə iddiaları tamamilə əsassız adlandırıb.
Makron bəzi xarici siyasətçilərin Fransadakı hadisələrdən öz ölkələrindəki seçki kampaniyaları üçün istifadə etdiklərini də bildirib.
“Belə məqamlarda kimin Fransanı sevdiyi, kimin isə sevmədiyi aydın görünür”, – deyə dövlət başçısı əlavə edib.
16:47 21.10.2026
Oxunuş sayı: 52