İtaliyada təbii fəlakət: 11 nəfər yaralanıb, evlər dağılıb
İtaliyanın Siciliya adasında baş verən iki tornado nəticəsində 11 nəfər, o cümlədən 4 uşaq yaralanıb. Təbii fəlakət binalara, avtomobillərə və əkin sahələrinə ciddi ziyan vurub.
Crossmedia.az xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, hadisə bu səhər Siciliyanın qərbində yerləşən Marsala şəhərinin liman ərazisində qeydə alınıb.
Güclü fırtına zamanı yaranan iki tornado şəhərdəki bir sıra tikililərə, avtomobillərə və əkin sahələrinə zərər yetirib.
Tornadoların təsirinə məruz qalan obyektlər arasında De Qasperi məktəbi də olub. Hadisə zamanı bəzi şagirdlərin yaralandığı bildirilir.
Ümumilikdə 11 nəfər xəsarət alıb. Onlardan ikisi müalicə üçün xəstəxanaya yerləşdirilib.
Marsala şəhərinin meri Andreana Patti vəziyyətin müharibə səhnəsini xatırlatdığını bildirib. Onun sözlərinə görə, ilkin məlumata əsasən, beş ev dağılıb, lakin zərərin miqyasının artacağı gözlənilir.
Mer 273 şagirdin təhsil aldığı və tornadodan zərər çəkən məktəblə bağlı da zəruri tədbirlərin görüldüyünü qeyd edib.
06:25 10.10.2026
Oxunuş sayı: 55