Əvvəllər 5 uşaq saxlayırdılar, indi evlənmək istəmirlər – Nikahların azalmasının səbəbi nədir?
Azərbaycanda nikahların sayı son illərdə azalma tendensiyası nümayiş etdirir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə qeydə alınan nikahların sayı 2023-cü ildə 54 200, 2024-cü ildə 49 508, 2025-ci ildə isə 48 546 olub. Əhalinin hər min nəfərinə düşən nikah göstəricisi də 2023-cü ildəki 5,3-dən 2025-ci ildə 4,7-yə enib. Bu göstəricilər fonunda gənclərin ailə qurmaq qərarına təsir edən amillər diqqət çəkir. Mənzil və yaşayış xərcləri, sabit gəlir əldə etmək çətinliyi, karyera planları və şəxsi həyata dair dəyişən gözləntilər nikah qərarının təxirə salınmasında rol oynaya bilər. Beləliklə, məsələ yalnız iqtisadi imkanlarla deyil, gənclərin ailə, məsuliyyət və gələcək planlarına münasibəti ilə də bağlıdır.
Crossmedia.az-a açıqlamasında sosioloq İlhamə Mustafayeva bildirib ki, əvvəlki dövrlərdə insanların maddi imkanları daha məhdud olsa da, çoxuşaqlı ailələr qurulur və övladlar böyüdülürdü:
“Maddiyyat məsələsini çox qəbul etmirəm. Əvvəllər insanların maddi durumu daha ağır idi. İndi insanlar şəhərə gələ, xarici ölkələrə gedə, müxtəlif yollarla pul qazana bilirlər. Əvvəllər isə insanlar çox az maaşla beş uşaq saxlayırdılar. Onda onlar da maddi vəziyyətlərinə görə evlənməməli idilər? Mənə görə, bu, birmənalı olaraq maddiyyatla bağlı deyil”, - deyə sosioloq qeyd edib.
Onun sözlərinə görə, müasir dövrdə bəzi insanlar ailənin tələb etdiyi güzəştlərə getmək və məsuliyyəti bölüşmək əvəzinə, fərdi xoşbəxtliyə üstünlük verirlər: “Bu, insanların narsistləşməsi ilə də bağlıdır. Ailə məsuliyyət götürmək deməkdir. Ailədə güzəştə getmək, özündən nələrisə vermək var. İndiki insanların çoxu fərd kimi xoşbəxt olmaq istəyir. Halbuki ailənin yükü, uşağın qayğısı və tərbiyəsi də var. Digər tərəfdən, insan öz həyatını istədiyi kimi yaşamaq hüququna malikdir. Kimsə evlənmirsə, bu, onun şəxsi məsələsidir və heç kimi evlənməyə məcbur etmək olmaz. Ancaq ailə qurmaqdan çəkinməyi yalnız maddiyyatla əlaqələndirmək də düzgün deyil”, - deyə İlhamə Mustafayeva vurğulayıb.
Sosioloq əlavə edib ki, fərdi rahatlığı hər şeydən üstün tutmaq bəzi hallarda evliliklərin qısa müddətdə sona çatmasına da səbəb ola bilər. O, həmçinin valideynlərin övladlarını çətinliklərdən qorumaq istəyinin gənclərin müstəqil ailə qurmaq təcrübəsinə təsir etdiyini bildirib:
“İnsanlar əziyyət çəkmək istəmirlər. Bəzən gənclər gələcək həyat yoldaşından və ya onun ailəsindən maddi təminat gözləyirlər. Halbuki öz zəhmətləri ilə əl-ələ verib həyat quran gənclərin sayı təəssüf ki, azdır. Bəziləri varlı həyat yoldaşı seçməyə üstünlük verir, bəziləri isə müəyyən maraqlar əsasında ailə qurur. Nəticədə ailə qurmaq ya təxirə salınır, ya da ümumiyyətlə baş tutmur. Burada fərd kimi xoşbəxt yaşamaq istəyinin də təsiri var”, - deyə sosioloq fikirlərini yekunlaşdırıb.
Nigar Xəlilli
18:30 09.10.2026
Oxunuş sayı: 58