Nənənin qorxusu, ananın yarası, sənin taleyin
Ailədə nəsildən-nəslə təkrarlanan davranışları müşahidə etdikdə istər-istəməz bir sual yaranır: biz bu xüsusiyyətləri necə mənimsəyirik? Əgər bir insan uşaqlıqdan sevginin itirilmə ehtimalı ilə müşayiət olunduğunu görürsə, yetkinlikdə də münasibətlərdə eyni qorxu ilə yaşaya bilər. Əgər ailəsində problemlər danışılmır, hisslər gizlədilirsə, o da zamanla susmağı öyrənə bilər.
Məhz bu məqamda ailə tarixçəsi ilə psixologiya arasında əlaqə yaranır. Mark Wolynn It Didn't Start With You kitabında oxucunu insanın emosional çətinliklərinin mümkün ailəvi kökləri barədə düşünməyə dəvət edir. Kitabın əsas ideyası keçmiş nəsillərin yaşantılarına nəzər salmaqdır. Bununla belə, müəllifin bütün izahlarını elmi cəhətdən təsdiqlənmiş fakt kimi qəbul etmək olmaz. Ailə daxilində davranışların öyrənilməsi və nəsillərarası psixoloji ötürülmə isə elmi araşdırmaların da diqqət yetirdiyi mövzulardır.
Beləliklə, ailənin keçmişi ilə bugünkü davranışlarımız arasındakı əlaqəni anlamaq üçün mütləq mistik izah axtarmağa ehtiyac yoxdur. Bəzən cavab uşaqlıqda gördüyümüz münasibətlərdə, valideynlərimizin reaksiyalarında və ailədə normal hesab edilən davranışlarda gizlənir.
Psixoloji təsirdən bioloji izlərə: epigenetika nə deyir?
Ailə mühitinin davranışlarımıza təsirini anlamaq bizi daha mürəkkəb bir suala gətirir: bəs ağır həyat təcrübələrinin bioloji izləri də ola bilərmi?
Epigenetika məhz bu istiqamətdə araşdırmalar aparır. Bu sahə DNT ardıcıllığı dəyişmədən genlərin fəaliyyətinin necə tənzimləndiyini öyrənir. Stress və ətraf mühit müəyyən bioloji proseslərə təsir göstərə bilər. Alimlər isə bu dəyişikliklərin hansı hallarda uzunmüddətli olduğunu və gələcək nəsillərə ötürülüb-ötürülmədiyini araşdırırlar.
Burada psixoloji ötürülmə ilə bioloji irsiyyəti qarışdırmamaq vacibdir. Valideynin qorxusunu uşağına davranışları vasitəsilə ötürməsi ilə həmin qorxunun genetik yolla irsən keçməsi eyni şey deyil. İnsanlarda travmanın epigenetik yolla nəsillərə ötürülməsi barədə araşdırmalar mövcud olsa da, bu sahədə çoxsaylı suallar hələ açıq qalır.
Deməli, ailənin keçmişinin bugünkü həyatımıza təsir göstərə bilməsi elmi baxımdan araşdırılan məsələdir. Ancaq bu, əcdadlarımızın yaşadığı hər bir hadisənin bizim taleyimizi müəyyən etdiyi demək deyil.
Elmin araşdırdığı suallar ekran hekayələrində necə əks olunur?
Məhz bu sualların insanlarda yaratdığı maraq Zeytin Ağacı serialında da bədii formada əksini tapır. Serialın qəhrəmanları öz həyatlarında yaşadıqları problemlərlə üzləşərkən ailə tarixçələrinə də nəzər salırlar. Ailə dizimi vasitəsilə keçmiş nəsillərin yaşantıları ilə indiki münasibətlər arasında əlaqələr qurulur.
Serialın diqqətçəkən tərəfi izləyicini öz ailəsinə dair suallar verməyə sövq etməsidir: ailəmizdə hansı hadisələr haqqında danışılmır? Hansı davranışlar nəsillər boyu təkrarlanır? Bu gün normal hesab etdiyimiz münasibət modelləri əslində hansı şəraitdə formalaşıb?
Lakin bədii hekayənin təsir gücü onun göstərdiyi metodun elmi cəhətdən sübut olunması demək deyil. Ailə diziminin effektivliyi ilə bağlı elmi sübutlar məhduddur və metod mübahisəlidir. Buna görə serialı travmaların nəsildən-nəslə ötürülməsinin sübutu kimi deyil, ailə keçmişi haqqında düşünməyə imkan verən bir nümunə kimi qiymətləndirmək daha doğrudur.
Əslində, serialın doğurduğu sualın cavabını axtararkən yenidən psixologiyaya qayıdırıq: insan öz ailəsindən öyrəndiyi davranışları tanıdıqda onları dəyişə bilərmi?
Keçmişi anlamaq gələcəyi dəyişə bilərmi?
Əgər ailə tarixçəsi davranışlarımızın formalaşmasında rol oynayırsa, bu təsirləri anlamaq dəyişiklik üçün başlanğıc ola bilər. İnsan münasibətlərdə niyə daim özünü sübut etməyə çalışdığını, niyə münaqişədən qaçdığını və ya niyə başqalarına güvənməkdə çətinlik çəkdiyini araşdıra bilər. Bu sualların cavabı hər zaman ailə keçmişində olmaya bilər, lakin onları vermək insanın özünü daha yaxşı tanımasına kömək edir.
Bessel van der Kolkun The Body Keeps the Score kitabı da travmatik təcrübələrin insanın stress reaksiyalarına, yaddaşına və münasibətlərinə təsirini izah edir. Bu yanaşma bizə vacib bir məqamı xatırladır: keçmişdə yaşananların təsiri real ola bilər, amma insanın reaksiyaları və davranışları dəyişməz deyil. Psixoloji dəstək, sağlam münasibətlər və yeni davranışların öyrənilməsi insana əvvəlki təcrübələrinə fərqli cavab verməyə kömək edə bilər.
Beləliklə, ailə tarixçəsini araşdırmaq keçmişdə baş verən hər şeyi öz problemlərimizin səbəbi elan etmək deyil. Məqsəd hansı davranışları mənimsədiyimizi, onların həyatımıza necə təsir etdiyini və nələri dəyişə biləcəyimizi anlamaqdır.
Bəlkə də nəsillərarası miras haqqında danışarkən ən vacib sual budur: bizə ötürülən hər şeyi növbəti nəslə ötürməliyikmi? Ailəmizdən sevgi, qayğı və dözümlülük kimi xüsusiyyətləri qoruyub saxlamaq, eyni zamanda qorxu, susmaq və zərərli münasibət modellərini dəyişmək mümkündürmü?
Keçmişi dəyişmək mümkün deyil. Ancaq keçmişin bu günümüzə təsirini anlamaq və gələcəkdə hansı davranışları davam etdirəcəyimizə daha şüurlu qərar vermək mümkündür. Bəlkə də insanın öz ailə tarixçəsi ilə üzləşməsinin ən böyük mənası məhz budur: özündən əvvəl başlayan hekayəni anlamaq, amma onun bütün cümlələrini təkrarlamağa məcbur olmadığını dərk etmək.
Zeynəb Həsən
17:30 09.10.2026
Oxunuş sayı: 55