Sağlam arıqlamaq, yoxsa sürətli çəki itirmək? Sosial şəbəkələrdəki pəhrizlərin görünməyən təhlükəsi
Sağlam həyat tərzinin əsas şərtlərindən biri düzgün və balanslı qidalanmadır. Lakin son illərdə sosial şəbəkələrdə sürətli arıqlama vədləri, müxtəlif çaylar, kokteyllər, dərmanlar və qısa müddətdə nəticə əldə etməyə hesablanmış pəhriz proqramları geniş yayılıb. Xüsusilə qısa zamanda ideal bədən quruluşuna sahib olmaq istəyən insanlar bu cür təkliflərə daha çox maraq göstərirlər. Bəs bu vasitələr həqiqətən sağlam arıqlamağa kömək edir, yoxsa orqanizm üçün əlavə risklər yaradır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən dietoloq Ləman Süleymanova bildirib ki, qidalanma insan sağlamlığı üçün ən vacib amillərdən biridir:

"Təəssüf ki, Azərbaycanda sosial şəbəkələrdə müxtəlif arıqladıcı çaylar, dərmanlar və kokteyllər reklam olunur. Bəzən bloqerlər, bəzən də heç bir tibbi təhsili olmayan şəxslər özlərini diyetoloq kimi təqdim edərək profil açır, insanlara ucuz marafonlar təşkil edir və müxtəlif pəhrizlər təklif edirlər. Hətta özlərinin hazırladıqları aclıq pəhrizlərini eyni vaxtda beş, on, iyirmi nəfərə təyin edirlər. Bu, yolverilməz bir vəziyyətdir.
Savadlı mütəxəssis başa düşür ki, hər bir insan fərdidir. Biz mütəxəssis kimi pasiyent klinikaya müraciət etdikdə əvvəlcə müayinə aparır, piylənmənin səbəblərini araşdırırıq. Ultrasəs müayinəsi və qan analizləri təyin olunur. Bəlkə, insanda hormonal pozuntu var? İlk növbədə bunun səbəbini müəyyənləşdirir, daha sonra həmin şəxsə fərdi qidalanma proqramı hazırlayırıq.
Proqram tərtib edilərkən menyuda duz, yağ, karbohidrat və çörək də daxil olmaqla, orqanizm üçün vacib qida maddələri nəzərə alınmalıdır. Metabolizmin normal fəaliyyəti üçün orqanizmin müəyyən qida maddələrinə ehtiyacı var. Çörək də, duz da, kərə yağı da qidalanmada öz yerini tapmalıdır. Məsələn, mənim fikrimcə, kərə yağından istifadə etməyən bir çox insanda qəbizlik yaranır. Bağırsaqların normal fəaliyyəti üçün kərə yağının rasionda olması vacibdir".
Nuray Oqtayqızı
17:15 09.10.2026
Oxunuş sayı: 58