Deputat: Azərbaycan mübarizəsini sona qədər davam etdirəcək
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri cəbhə xəttindən 100 kilometrlərlə uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncəni 5 dəfə (4, 5, 8, 11 və 17 oktyabr tarixlərində) raket və ağır artilleriya atəşinə tutub. Həyata keçirilən raket hücumları nəticəsində aralarında qadınlar, qocalar və azyaşlı uşaqlar da olmaqla 26 dinc sakin həlak olub, 175-dən çox mülki şəxs yaralanıb. Şəhərin mülki infrastrukturuna, təhsil ocaqlarına və yaşayış binalarına külli miqdarda ziyan dəyib. Ermənistan törətdiyi bu terror əməllərini və hərbi cinayətləri ört-basdır etmək üçün sosial şəbəkələrdə və beynəlxalq mediada dezinformasiyalar yaymağa çalışsa da, hadisə yerindən çəkilən foto və videogörüntülər düşmənin yalanlarını ifşa edib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli Crossmedia.az-a açıqlama verib.
Deputat bildirib ki, törədilən bu vəhşiliklər birbaşa terror əməli kimi qiymətləndirilib və məsul şəxslərin cavab verməsi üçün genişmiqyaslı hüquqi addımlar atılır:
"Gəncə şəhərinə edilən raket hücumlarına görə məsuliyyət daşıyan şəxslərin hüquq qarşısında cavab verməsi üçün həm daxili cinayət-hüquqi mexanizmlərdən, həm də beynəlxalq məhkəmə instansiyalarından aktiv şəkildə istifadə olunur. Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələrinin birbaşa pozulmasını əsas gətirərək Ermənistana qarşı dövlətlərarası iddia qaldırıb. Bu iddiada Gəncədə həlak olan və yaralanan dinc sakinlərin, eləcə də dağıdılan mülki obyektlərin hüquqlarının müdafiəsi əsas yer tutur".
M.Məmmədli vurğulayıb ki, düşmənin törətdiyi hərbi cinayətlər artıq beynəlxalq təşkilatların da rəsmi sənədlərində öz əksini tapıb:
""Human Rights Watch" və "Amnesty International" kimi nüfuzlu beynəlxalq hüquq-mühafizə təşkilatları Gəncəyə edilən hücumları yerində araşdıraraq xüsusi hesabatlar hazırlayıblar. Həmin hesabatlarda Ermənistan tərəfindən ballistik raketlərdən və kasetli sursatlardan istifadə edilməklə müharibə qanunlarının kobud şəkildə pozulduğu rəsmən qeyd olunub. Bu sənədlər Ermənistanın hərbi-siyasi rəhbərliyinin cavabdehlik daşıması və gələcək hüquqi proseslər üçün təkzibedilməz beynəlxalq sübut bazası rolunu oynayır".
Deputat sonda qeyd edib ki, dinc əhaliyə qarşı törədilən bu cür qanlı cinayətlər heç vaxt unudulmayacaq və Azərbaycan dövləti günahkarların beynəlxalq hüquq çərçivəsində layiqincə cəzalandırılması üçün mübarizəsini sonadək davam etdirəcək.
Fatimə Cabbarlı
10:00 09.10.2026
Oxunuş sayı: 39