Tramp Sibirdəki müəmmalı ölümə görə Putinlə danışacaq
Tramp Sibirdə vəba araşdırma mərkəzində çalışan əməkdaşın ölümü ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda danışacağını bildirib.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə məsələ ətrafında müzakirələrin davam etdiyini deyib. O, Putinlə aparacağı danışıqlar barədə, ehtimal ki, cümə axşamı məlumat verə biləcəyini bildirib. Kremlin sözçüsü Dmitri Peskov isə iki lider arasında telefon danışığının hələ planlaşdırılmadığını açıqlayıb.
Rusiya rəsmiləri 28 yaşlı laboratoriya əməkdaşının ölüm səbəbinin araşdırıldığını bildirirlər. Onlar mərhumun pnevmonik vəbadan öldüyünü təsdiqləməyiblər. Ağciyərləri zədələyən bu ağır infeksiya vəbanın ən təhlükəli formalarından biri hesab olunur. Rusiya tərəfi əhali üçün epidemioloji təhlükənin olmadığını vurğulayır.
ABŞ hadisə ilə bağlı Rusiyadan əlavə məlumat tələb edən rəsmi diplomatik müraciət göndərib. Peskov isə jurnalistlərə belə bir müraciətdən xəbərdar olmadığını deyib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Rusiyanı hadisə ilə bağlı şəffaf məlumat verməyə çağırıb. O bildirib ki, ziddiyyətli məlumatların aydınlaşdırılması və mümkün ictimai sağlamlıq risklərinin düzgün qiymətləndirilməsi üçün Beynəlxalq Səhiyyə Qaydalarına uyğun olaraq vaxtında, dolğun və şəffaf məlumat mübadiləsi vacibdir.
Putinin mətbuat katibi isə çərşənbə günü Rusiyanın laboratoriya əməkdaşının ölümü barədə ÜST-yə məlumat verməsinin standart prosedurlara uyğun olduğunu bildirib. O, mediada yayılan məlumatları “yalan” adlandırıb.
Hadisə ilə bağlı ilk məlumatlar cümə günü yayılıb. Bildirilib ki, laboratoriya əməkdaşının ölümündən sonra Sibirin İrkutsk vilayətində təxminən 200 nəfər tibbi müşahidəyə götürülüb.
Rusiya mediasında Darya Şipilova kimi təqdim olunan əməkdaşın ölümündən bir neçə gün əvvəl xəstələndiyi bildirilir. Təsdiqlənməmiş məlumatlara görə, o, çalışdığı Sibir və Uzaq Şərq Taunla Mübarizə İnstitutunda xəstəlik törədicisi olan nümunənin yerləşdiyi sınaq şüşəsini sındırdıqdan sonra və ya vəbanın təbii yayıldığı əraziyə səfər zamanı yoluxmuş ola bilər.
Rusiyanın istehlakçı hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət qurumu olan “Rospotrebnadzor” İrkutsk şəhəri və vilayətinin əhalisi üçün epidemioloji təhlükənin olmadığını açıqlayıb. Qurumun məlumatına görə, mərhumla təmasda olan şəxslərin 90 faizindən çoxu tibbi müşahidəni başa vurub və onlarda yoluxucu xəstəliklə əlaqəli hər hansı sağlamlıq pozuntusu aşkarlanmayıb.
Laboratoriya əməkdaşının ölümü ilə bağlı ilk açıqlamasında qurum qadının səbəbi müəyyənləşdirilməyən pnevmoniyadan öldüyünü bildirmişdi. Aparılan analizlər zamanı onun peşə fəaliyyəti ilə əlaqəli mikroorqanizmlər aşkarlanmadığı qeyd olunmuşdu.
Bununla belə, həmin açıqlamadan sonra hökumətyönlü federal xəbər portalı mümkün vəba halı barədə beş paylaşımını silib. Baykalsk şəhərinin rəsmiləri də mümkün yoluxma təhlükəsi ilə əlaqədar Şelexova səfər etməməyi tövsiyə edən məlumatı yayımdan götürüblər.
Laboratoriya əməkdaşının ölümü ətrafında davam edən müzakirələr Rusiya ilə ABŞ arasında qarşılıqlı açıqlamalara səbəb olub. Tərəflər mümkün yoluxmanın Rusiyadan kənara yayılması ehtimalı ilə bağlı əlavə məlumat almağa çalışırlar.
18:35 07.10.2026
Oxunuş sayı: 71