Gürcüstanda azərbaycandilli məktəblər kadr böhranı ilə üz-üzə: 20 ildən çoxdur müəllim hazırlanmır
Gürcüstanda azərbaycandilli məktəblərin sayının azalması ilə yanaşı, bu təhsil müəssisələrində ixtisaslı müəllim çatışmazlığı da ciddi problem olaraq qalır. Əvvəl ölkədə 319 azərbaycandilli məktəb fəaliyyət göstərirdisə, hazırda onların sayı 116-ya enib. Məktəblərin sayının azalmasına infrastruktur problemləri və kadr çatışmazlığı kimi amillərlə yanaşı, Azərbaycan dili və ədəbiyyatı üzrə yeni müəllimlərin hazırlanmasının uzun müddətdir dayandırılması da təsir edən əsas məsələlərdən biridir.
Mövzu ilə bağlı Gürcüstandakı “Maarif” təşkilatının direktoru Aygül İsayevа Crossmedia.az-a açıqlamasında bildirib ki, azərbaycandilli məktəblərin gələcəyi üçün ilk növbədə müəllim hazırlığı məsələsi həll olunmalıdır:

"Sovetlər dövründə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun nəzdində Azərbaycan bölməsi fəaliyyət göstərib. Burada Azərbaycan dili və ədəbiyyatı müəllimləri hazırlanıb. Sonralar bu ali təhsil müəssisəsinin adı dəyişdirilərək İlia Dövlət Universiteti olub. 2005-ci ildə universitetdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası bağlanıb, 2006-cı ildən isə bu ixtisasa tələbə qəbulu tamamilə dayandırılıb. Nəticədə artıq təxminən 20 ildir Gürcüstanda bu istiqamət üzrə yeni kadr hazırlanmır. Bu gün məktəblərdə Azərbaycan dili və ədəbiyyatını həmin ixtisas üzrə ali təhsil almayan şəxslərin də tədris etdiyi hallar var. Ona görə də Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının Gürcüstanda yenidən bərpa olunmasına ciddi ehtiyac var".
A.İsayeva bildirib ki, Tbilisi Dövlət Universitetində illərdir “Ermənişünaslıq” ixtisası fəaliyyət göstərir və bu istiqaməti bitirənlər erməni dili üzrə sertifikasiya imtahanından keçdikdən sonra baş müəllim statusu əldə edə və daha yüksək əməkhaqqı ilə işləyə bilirlər. Eyni imkanın Azərbaycan dili və ədəbiyyatı üzrə də yaradılması bu istiqamətdə ixtisaslı müəllimlərin hazırlanması baxımından mühüm addım ola bilər. Azərbaycandilli məktəbləri yaşatmaq və qorumaq üçün ilk növbədə Gürcüstanda universitetlərdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası yenidən açılmalıdır".
Aygül İsayevanın sözlərinə görə, Gürcüstanda dövlət universitetlərindən birinin nəzdində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının yaradılması ilə yanaşı, Azərbaycan-Gürcüstan Universitetinin açılması da iki dilli mütəxəssislərin hazırlanmasına imkan verə bilər. Əvvəllər İlia Dövlət Universitetinin nəzdində müəllim namizədləri universiteti bitirərkən iki ixtisasa yiyələnir, diplomlarında həm “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, həm də “Gürcü dili və ədəbiyyat müəllimliyi” ixtisasları qeyd olunurdu. Onun fikrincə, bu təcrübənin yenidən tətbiqi mümkündür.
Ana dilində təhsil şagirdin yalnız Azərbaycan dilini yaxşı mənimsəməsi baxımından deyil, digər dilləri öyrənməsi və müxtəlif fənlər üzrə akademik nəticələrinin yüksəlməsi baxımından da əhəmiyyətlidir. Yerli və beynəlxalq tədqiqatlar ana dilində möhkəm təmələ malik olan şagirdin ikinci dili daha asan öyrəndiyini və digər fənlər üzrə nəticələrinin daha yüksək ola bildiyini göstərir. Buna görə də Azərbaycan dili məsələsinə yalnız bir fənnin tədrisi kimi deyil, azərbaycandilli məktəblərin və Gürcüstanda yaşayan azərbaycanlıların gələcəyi baxımından yanaşmaq lazımdır".
A.İsayeva bildirib ki, məlumata görə, Gürcüstanda ilk dəfə 2022-ci ildə Azərbaycan dili və ədəbiyyatı üzrə sertifikasiya imtahanı keçirilib: "İmtahanda təcrübəçi statusunda olan 239 müəllim iştirak edib, onlardan yalnız 37-si 61 faizlik baryeri keçə bilib. PISA nəticələrində də azərbaycandilli və gürcüdilli məktəblərin şagirdləri arasında riyaziyyat, oxu və təbiət elmləri üzrə fərqlər qeydə alınıb. Bu göstəricilər azərbaycandilli məktəblərdə tədrisin keyfiyyətinin artırılması və yeni ixtisaslı kadrların hazırlanması məsələsini daha da aktuallaşdırır".
Zeynəb Həsən
18:30 07.10.2026
Oxunuş sayı: 62