Taun bioloji silahdır? Rusiyadakı xəstəliklə bağlı DİQQƏTÇƏKƏN İDDİA
Rusiyada taunla bağlı yayılan məlumatlar xəstəliyin mənbəyi, yayılma ehtimalı və mümkün bioloji risklərlə bağlı müzakirələri gündəmə gətirib. Taun Yersinia pestis bakteriyasının yaratdığı infeksion xəstəlikdir və əsasən gəmiricilər və onların üzərində yaşayan birələr vasitəsilə yayılır. Məsələ ilə bağlı yayılan məlumatlar fonunda taun hallarının hansı şəraitdə və hansı mənbədən ortaya çıxa biləcəyi, eləcə də xəstəliyin insanlar üçün yaratdığı riskin səviyyəsi diqqət mərkəzindədir. Bu baxımdan rəsmi epidemioloji məlumatlar və xəstəliyin yayılma mexanizmləri əsas istinad nöqtəsi olaraq qalır.
Crossmedia.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli hazırda dünyada bioloji silahla bağlı müxtəlif ssenarilərin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, bəzi xəstəliklərin vaxtilə bioloji silah nümunələri ilə əlaqələndirilməsi və bu istiqamətdə araşdırmaların aparılması barədə məlumatlar mövcuddur:

“Hazırda bütün dünyada bioloji silahla bağlı ssenarilər ön planda yer alır. Vaxtilə müxtəlif tip qriplər, məsələn, quş qripi, donuz qripi kimi xəstəliklər bioloji silahın tərkib hissəsi, bioloji silah növləri ilə əlaqələndirilirdi. Təbii ki, belə araşdırmaların və bioloji silah növlərinin yaradılması istiqamətində kifayət qədər ciddi cəhdlərin olduğu barədə məlumatlar mövcuddur”, - deyə politoloq qeyd edib.
Elçin Xalidbəyli Rusiyada yayılan taun xəstəliyinin bioloji silahla əlaqəli ola biləcəyi ilə bağlı iddiaların mövcud olduğunu bildirib: “Ola bilsin ki, Rusiyada yayılan taun xəstəliyi də hansısa bioloji silahın sınaqdan keçirilməsinin nəticəsi ola bilər. Hər halda Rusiyada belə iddialar mövcuddur. Ancaq bir önəmli məsələ də var ki, dünya ölkələri arasında bioloji silahların yaradılması məqsədilə araşdırmaların aparılması sahəsində Rusiya öncül yerlərdən birini tutur. Yəni, Rusiya da bioloji silahların yaradılması istiqamətində araşdırmalar aparan ölkələr sırasına daxildir”.
Politoloq bununla belə, Rusiyada yayılan taun xəstəliyinin həqiqətən bioloji silahla əlaqəsinin olub-olmadığının hələlik müəyyənləşdirilmədiyini vurğulayıb: “Rusiyada yayılmış taun xəstəliyinin həqiqətən bioloji silah olub-olmadığı hələlik qeyri-müəyyən xarakter daşıyır və buna Rusiyanın tibb sahəsində çalışan mütəxəssisləri araşdırmalar nəticəsində cavab verməlidirlər, yəni dəqiqlik gətirməlidirlər”.
O, xəstəliyin bioloji silah olduğu təsdiqlənəcəyi təqdirdə belə, bunun kim tərəfindən sınaqdan keçirildiyinin ayrıca araşdırılmalı olduğunu bildirib: “Əgər bu bioloji silah olsa belə, onun kim tərəfindən sınaqdan keçirilməsi ilə bağlı məsələ də qeyri-müəyyən xarakter daşıyır. Bu, Rusiyanın özünün daxilindən də sızmış bir xəstəlik ola bilər. Çünki həmin bölgədə bioloji silah üzrə araşdırmaların aparılıb-aparılmadığı barədə məlumatlar mövcud deyil. Yəni, hələlik iddiaların reallıqla əlaqəsi tam şəkildə aydınlaşmamış vəziyyətdədir”.
Nigar Xəlilli
17:00 07.10.2026
Oxunuş sayı: 98