Rusiyada vəba xəbərdarlığı fonunda yeni iddia: Dələlər vasitəsilə ötürülüb?
Rusiyanın İrkutsk Vəba Araşdırma İnstitutunda çalışan tədqiqatçı Şipilovanın ölümündən sonra təxminən 200 nəfər karantinə alınıb. Rusiya rəsmiləri isə bölgədə təsdiqlənmiş vəba xəstəliyi olmadığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, aparılan testlər zamanı təmasda olan bəzi şəxslərdə tənəffüs yolu infeksiyaları aşkarlansa da, vəba ilə bağlı hər hansı fakt müəyyən edilməyib.
Tədqiqatçının sincablarla təmasda yoluxduğu iddia edilir
Araşdırmaçı qadının laboratoriyada deyil, Monqolustan sərhədində yerləşən Buryatiya bölgəsində apardığı sahə işi zamanı yoluxmuş ola biləcəyi ehtimalı gündəmə gəlib.
İddiaya görə, Şipilova səfər zamanı vəhşi sincablarla və ya həmin heyvanların daşıdığı birələrlə təmasda olmuş ola bilər. Bölgədə bəzi gəmiricilərin vəba bakteriyasını daşıya bildiyi bildirilir.
Lakin bu ehtimal hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Laboratoriya qəzası ehtimalı da araşdırılır
Tədqiqatçının ölümündən sonra onun yüksək təhlükəsizlik səviyyəli laboratoriyada patogen tərkibli sınaq şüşəsinin sınması nəticəsində yoluxduğu barədə iddialar da yayılmışdı.
Lakin həmkarları laboratoriyada tətbiq olunan təhlükəsizlik protokollarını nəzərə alaraq belə bir sızmanın baş vermə ehtimalının çox aşağı olduğunu bildiriblər.
Rusiya İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti (Rospotrebnadzor) isə aparılan araşdırmalarda Şipilovanın peşə fəaliyyəti ilə əlaqəli mikroorqanizm aşkarlanmadığını açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı da Rusiyanın səhiyyə orqanlarının İrkutskda təsdiqlənmiş vəba hadisəsi barədə məlumat vermədiyini bildirib.
Hazırda bölgədə epidemioloji vəziyyətin sabit olduğu açıqlanır. Sincablar vasitəsilə yoluxma ehtimalı diqqət çəksə də, tədqiqatçının ölüm səbəbi və mümkün yoluxma mənbəyi ilə bağlı yekun nəticə hələ müəyyənləşməyib.
15:37 07.10.2026
Oxunuş sayı: 196