İsrail 7 oktyabr hücumunun üç illiyini qeyd edir
İsraildə 2023-cü il 7 oktyabr hücumlarının üçüncü ildönümü ilə bağlı ölkə üzrə yüzlərlə anım mərasimi və etiraz aksiyası keçirilir.
Crossmedia.az xəbər verir ki, CNN bu barədə məlumat yayıb.
2023-cü il oktyabrın 7-də saat 06:29-da HƏMAS-ın rəhbərlik etdiyi silahlı şəxslər Qəzza zolağı ilə sərhəddə yerləşən İsrail yaşayış məntəqələrinə hücum edib. Hücum nəticəsində 1 200-dən çox insan öldürülüb, 251 nəfər isə girov götürülərək Qəzzaya aparılıb.
İldönümü ilə bağlı ilk tədbir hücumun başladığı saatda ölkə üzrə bir dəqiqəlik sükutla başlayıb. Günorta saatlarında həlak olanların ailələri və vətəndaş təşəbbüsləri ölkə üzrə anım dəqiqəsi keçirib. Tədbirlərə xəstəxanalar, yerli bələdiyyələr, universitetlər və özəl şirkətlər də qoşulub.
Anım mərasimlərindən biri hücum zamanı 370-dən çox insanın öldürüldüyü və 44 nəfərin qaçırıldığı Nova festivalının Reim meşəsindəki ərazidə keçirilib. Ölkənin müxtəlif bölgələrində gün ərzində etiraz yürüşləri və digər tədbirlərin keçirilməsi planlaşdırılıb.
Çərşənbə axşamı İsrail Baş naziri Binyamin Netanyahu da hücumun ildönümü ilə bağlı çıxış edib. O bildirib ki, müharibənin başlamasından üç il keçməsinə baxmayaraq, 7 oktyabr hücumunun yaratdığı travma ölkədə hələ də qalır.
Netanyahu daha əvvəl hökumət iclasında İsrailin hərbi əməliyyatlarını davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, 2023-cü il 7 oktyabrında İsrailə daxil olan 6 000 silahlı şəxsdən 4 000-i öldürülüb.
İldönümü 27 oktyabrda keçiriləcək parlament seçkilərindən üç həftədən az müddət əvvələ təsadüf edir. Reuters-in məlumatına görə, 7 oktyabr hadisələri və hökumətin həmin gün baş verənlərə görə məsuliyyəti seçki kampaniyasının əsas mövzularından birinə çevrilib.
Həlak olanların ailələri və 7 oktyabr hadisələrindən sağ çıxanlar ölkədə dövlət istintaq komissiyasının yaradılmasını tələb edirlər. Bu komissiya İsrail qanunvericiliyində milli səviyyəli fəlakətlərin və dövlət qərarlarının araşdırılması üçün ən geniş səlahiyyətlərə malik mexanizm hesab olunur.
Netanyahu hökuməti isə üç ildir belə bir komissiyanın yaradılması ilə bağlı çağırışlara müqavimət göstərir. Müxalifət nümayəndələri baş verənlərin hərtərəfli araşdırılmasını və siyasi məsuliyyətin müəyyənləşdirilməsini tələb edirlər.
İsrailin keçmiş Baş Qərargah rəisi və Netanyahuya əsas rəqiblərdən biri Qadi Eyzenkot 7 oktyabr hadisələrini “çox dərin uğursuzluq” adlandıraraq baş naziri dövlət istintaq komissiyasının yaradılmasından yayınmaqda ittiham edib.
İsraildə keçirilən rəsmi anım mərasimlərindən fərqli olaraq, ildönümü ilə bağlı tədbirlərin əksəriyyəti zərərçəkənlər, sağ qalanlar və onların ailələrini birləşdirən vətəndaş təşəbbüsləri tərəfindən təşkil olunub.
11:43 07.10.2026
Oxunuş sayı: 58