Husilərlə savaş genişlənir: Tramp ABŞ-nin rolunu məhdudlaşdırır
Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı yeni hərbi əməliyyata başlamasına baxmayaraq, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun münaqişəyə daha dərindən cəlb olunmasını istəmir.
Crossmedia.az xəbər verir ki, Bloomberg bu barədə məlumat yayıb.
Bloomberg-in məlumatına görə, ABŞ Səudiyyə Ərəbistanına kəşfiyyat məlumatları, hədəflərin müəyyənləşdirilməsi və təyyarələrin havada yanacaqla təmin olunması sahəsində dəstək verir. Bununla belə, ABŞ qüvvələri husilərə qarşı müstəqil zərbələr endirmir.
Vaşinqton həmçinin Ər-Riyadı Yəmənə quru qoşunları göndərməkdən çəkinməyə çağırır. ABŞ administrasiyası Səudiyyə Ərəbistanının əməliyyatına dəstək versə də, münaqişənin daha geniş müharibəyə çevrilməsindən ehtiyat edir.
Səudiyyə Ərəbistanının yeni hərbi kampaniyası Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumət qüvvələrinin iştirakı ilə başlayıb. Döyüşlər Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən strateji Bab əl-Məndəb boğazı ətrafında da intensivləşib.
Bab əl-Məndəb boğazında vəziyyətin gərginləşməsi beynəlxalq gəmiçilik üçün əlavə risk yaradır. ABŞ üçün isə əməliyyatın genişləndirilməsi hərbi resurslara əlavə yük və husilərlə bağlı əldə olunmuş atəşkəsin pozulması riskini artırır.
11:35 07.10.2026
Oxunuş sayı: 72