Suriyadan Azərbaycana 13 vətəndaş qaytarılıb
Suriyadan 13 Azərbaycan vətəndaşı, o cümlədən 6 qadın və 7 uşaq ölkəyə repatriasiya edilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, repatriasiya Azərbaycan Respublikası hökuməti tərəfindən görülən mərhələli və koordinasiyalı tədbirlər nəticəsində oktyabrın 6-da həyata keçirilib.
İlk mərhələdə repatriantların olduğu yer, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib. Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam olunub.
Repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin edilib.
Daha sonra Azərbaycanın Suriyadakı və Türkiyədəki səfirlikləri, həmçinin İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işləri aparılıb. Vətəndaşlar Azərbaycana qayıdış şəhadətnamələri və təyyarə biletləri ilə təmin edilərək ölkəyə gətirilib.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
XİN-dən bildirilib ki, xarici ölkələrin ərazisində silahlı münaqişələrin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.
10:56 07.10.2026
Oxunuş sayı: 58