Müəllimi müəllim edən tələbədir
Müəllimlər Günü mənim üçün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün mənim üçün bir qədər fərqli, bir qədər də kövrək məna daşıyır. Çünki artıq bir neçə ildir müəllimliyə kənardan baxan deyil, auditoriyaya daxil olub qarşısında tələbələrini görən insanam. Artıq “müəllim olmaq” anlayışını yalnız öz müəllimlərimin timsalında deyil, öz təcrübəmdə də hiss edirəm.
Gənc müəlliməm.
Bəlkə də, buna görə hər dəfə auditoriyaya daxil olanda öz tələbəlik illərimi xatırlayıram. Müəllimimin qarşısında oturduğum günləri, onun bir cümləsinin məndə yaratdığı düşüncəni, bəzən sərt iradını, bəzən isə bir təbəssümlə verdiyi ruh yüksəkliyini...
İndi isə həmin tərəfdəyəm.
Etiraf edim ki, müəllim olmaq mənim üçün heç vaxt sadəcə dərs danışmaq, mövzu izah etmək və tələbədən cavab almaq olmayıb. Müəllimlik həm də məsuliyyətdir. Qarşındakı gəncin dünyagörüşünə, düşüncəsinə, özünəinamına toxunmaq məsuliyyəti.
Bəzən tələbələrimə qarşı sərt oluram. Tələb edirəm. Dərsə hazırlıqlı gəlmələrini, sual vermələrini, düşünmələrini, öz fikirlərini əsaslandırmalarını istəyirəm. Çünki mənim üçün tələbə sadəcə qiymət alan şəxs deyil. Tələbə düşünən, sorğulayan, səhv edən, öyrənən və zaman keçdikcə müəllimini də öyrədən insandır.
Bəli, müəllimi müəllim edən tələbədir.
Müəllim təkbaşına müəllim ola bilməz. Onun biliyi, təcrübəsi, metodikası ola bilər. Amma qarşısında onu dinləyən, sual verən, etiraz edən, bəzən razılaşmayan, bəzən də öz uğuru ilə onu sevindirən tələbə yoxdursa, müəllimliyin əsl mənası tamamlanmır.
Tələbə müəllimin güzgüsüdür.
Müəllim özünü tələbəsində görür. Onun uğurunda öz zəhmətinin izini, inkişafında verdiyi töhfəni, səhvində isə bəzən öz yanaşmasını axtarır. Tələbənin verdiyi ən çətin sual belə müəllim üçün bir dərsdir. Çünki müəllim də hər dərsdə öyrənir.
Mən bu gün müəllim kimi öz müəllimlərimi daha yaxşı anlayıram.
Vaxtilə mənə adi görünən bəzi sözlərin, iradların, tələblərin arxasında nə qədər böyük məsuliyyət olduğunu indi daha aydın hiss edirəm. Bir tələbənin dərsə gecikməsini gözləmək, anlamadığı mövzunu yenidən izah etmək, onun uğursuzluğuna üzülmək, uğuruna sevinmək... Bunların hamısı müəllimliyin görünməyən tərəfləridir.
Ona görə də bu gün mənim ilk ehtiramım öz müəllimlərimədir.
Yalnız dərs deməyən, həm də düşünməyi, sual verməyi, sözün məsuliyyətini dərk etməyi, insanlara hörmət etməyi öyrədən müəllimlərimə...
Onların hər birinin mənim həyatımda bir izi var. Bəzən bir cümlə, bəzən bir nəsihət, bəzən bir irad, bəzən də sadəcə mənə inanmaqları. İllər keçdikcə başa düşürəm ki, müəllimin tələbəsinə verdiyi ən böyük hədiyyə yalnız bilik deyil. Özünə inanmaq üçün səbəbdir.
İndi mən həmin məsuliyyətin qarşısındayam.
Mənim tələbələrim də illər sonra məni xatırlayacaqlar. Bəlkə hansısa dərsim yadlarında qalmayacaq. Bəlkə dediyim bir çox sö zamanla unudulacaq. Amma istəyirəm ki, məni xatırlayanda desinlər: “Bizim müəllim bizdən tələb edirdi, amma bizə inanırdı.”
Çünki müəllim tələbədən yalnız tələb etməməlidir. Onun potensialını da görməlidir.
Mən müəllimliyi sevirəm. Bu peşəyə həvəslə gəlmişəm. Bəzən yorulsam da,bəzən sərt olsam da, auditoriyadan çıxanda anlayıram ki, insanın həyatına toxunmaqdan daha böyük məsuliyyətlərdən biri yoxdur.
Və bu gün bir daha düşünürəm:
Müəllim tələbəsinə nə qədər çox şey öyrədirsə, tələbə də müəllimə bir o qədər çox şey öyrədir.
Müəllim tələbəsinə bilik verir, tələbə müəllimə səbr öyrədir.
Müəllim tələbəsinə yol göstərir, tələbə müəllimə yolunun nəticəsini göstərir.
Müəllim tələbəsinə sual verir, tələbə müəllimi yeni suallar düşünməyə vadar edir.
Müəllim tələbəni yetişdirir, tələbə isə zamanla müəllimin əməyinin nəticəsinə çevrilir.
Bəlkə də müəllimlik elə budur: özündən sonra sənin davamını gətirəcək insanlar yetişdirmək.
Bu gün bütün müəllimlərimi ehtiramla yad edirəm. Mənə dərs deyən, məni danlayan, mənə inanan, səhvlərimi göstərən, uğurlarımı bölüşən bütün müəllimlərimə təşəkkür edirəm.
İndi mən də onların yolunun davamçısıyam.
Və qarşımdakı tələbələrə baxanda özümü bir daha anlayıram: mən müəlliməm, amma məni müəllim edən də elə onlardır.
Müəllimlər Gününüz mübarək!
Həm mənə müəllimlik etməyi öyrədən müəllimlərimin, həm də hər gün mənə müəllim olmağı öyrədən tələbələrimin bayramı mübarək.
Kənan Novruzov
11:00 05.10.2026
Oxunuş sayı: 52