Türkiyənin “Yeni Asır” qəzeti azərbaycanlı jurnalist haqqında geniş yazı dərc edib
Türkiyənin köklü və nüfuzlu mətbuat orqanlarından olan “Yeni Asır” qəzeti əməkdar jurnalist, tədqiqatçı-alim Namiq Əhmədov haqqında geniş yazı dərc edib. Qəzetin 13 sentyabr 2026-cı il tarixli sayında yayımlanan “Gazetecilikten dostluğa” (“Jurnalistikadan dostluğa”) sərlövhəli məqalənin müəllifi Aysun Gülərdir.
Məqalədə Namiq Əhmədovun jurnalistika fəaliyyəti, Türk dünyası, Azərbaycan–Türkiyə münasibətləri və media tarixi ilə bağlı araşdırmalrı, həmçinin Türkiyə mətbuatı ilə uzun illər ərzində formalaşan peşə əlaqələrindən bəhs olunur.
Yazının diqqətçəkən məqamlarından biri “Yeni Asır”la azərbaycanlı jurnalist arasında illər ərzində peşə əməkdaşlığından dostluq münasibətlərinə qədər inkişaf edən əlaqələrin tarixçəsinin təqdim edilməsidir. Namiq Əhmədov qəzetlə münasibətlərini “İzmirdə bir dost və hətta bir ailə yuvası” ifadəsi ilə xarakterizə edir.
Məqalədə bu yaxınlığın xüsusilə 2018-ci ildən sonra daha da möhkəmləndiyi bildirilir. Həmin dövrdə Azərbaycanda çalışan diplomat Murat Karaçanta vasitəsilə “Yeni Asır”ın xəbər koordinatoru Sezai Elginlə tanışlığın iki tərəf arasında əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd olunur.
Yazıda Azərbaycan və Türkiyə mediası arasındakı münasibətlərin yalnız informasiya mübadiləsi və peşə əməkdaşlığı ilə məhdudlaşmadığı vurğulanır. “Yeni Asır”ın Azərbaycanı və Türk dünyasını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər müstəvisində təqdim etməsi xüsusi qeyd edilir.
Qəzet bu yanaşmanı iki ölkə arasındakı münasibətlərin ictimai və mədəni əsaslarının möhkəmlənməsinə xidmət edən mühüm amillərdən biri kimi dəyərləndirir.
Məqalədə Namiq Əhmədovun “Bakıdan baxdım Böyük Turana...” kitabına da xüsusi diqqət ayrılıb. Əsərdə Türk dünyasının ortaq tarixi və yaddaşı, Azərbaycan–Türkiyə münasibətləri, müxtəlif türk coğrafiyalarına səfərlər, eləcə də İzmir və “Yeni Asır”la bağlı xatirələr əksini tapıb.
Kitabda Bakı ilə İzmir arasındakı mənəvi yaxınlıq insan amili, səmimiyyət və qonaqpərvərlik müstəvisində təqdim olunur. “Böyük Turan” anlayışı isə yalnız coğrafi məkan kimi deyil, ortaq tarix, dil, mədəniyyət və yaddaşın formalaşdırdığı mənəvi coğrafiya kimi izah edilir.
“Yeni Asır” yazıda Namiq Əhmədovun “Əməkdar jurnalist” fəxri adına, “Qızıl Qələm”, “Araz”, Həsən bəy Zərdabi və TÜRKSOY Beynəlxalq Media mükafatlarına layiq görüldüyünü də diqqətə çatdırır.
Hazırda jurnalist fəaliyyəti ilə yanaşı elmi-pedaqoji işini də davam etdirən Namiq Əhmədov Türk dünyasının tarixi və yaddaşı, Azərbaycan mətbuatı, eləcə də Azərbaycan–Türkiyə media əlaqələri ilə bağlı tədqiqatlarını davam etdirir.
Məqalənin sərlövhəsindəki “Jurnalistikadan dostluğa” ifadəsi isə Azərbaycanlı jurnalistin “Yeni Asır”la münasibətlərinin keçdiyi yolu xarakterizə edir. İllər əvvəl peşə müstəvisində başlayan əlaqələr zaman keçdikcə qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulan dostluğa çevrilib.
Bakıdan İzmirə uzanan bu jurnalist yolu Azərbaycan və Türkiyə mediası arasında insan amilinin, etimadın və dostluğun əhəmiyyətini bir daha göstərir.
09:43 05.10.2026
Oxunuş sayı: 55