Türkiyədəki qardaşlarımıza müraciət
Son günlər Türkiyədə Azərbaycanın və dövlət başçımızın hədəfə alınması ilə bağlı səslənən fikirlər bizi ciddi narahat edir. Azərbaycan-Türkiyə münasibətləri iki dövlətin münasibətindən daha böyük məna daşıyır — “Bir millət, iki dövlət” anlayışı üzərində qurulmuş qardaşlıq bağlarımız var.
Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”,-kimi müqəddəs qardaşlıq ruhunu zədələyən hər bir addımı diqqətlə və məsuliyyətlə dəyərləndirməliyik. Mən bu cür yanaşmaları iki qardaş ölkənin münasibətlərinə zərər vura biləcək təxribat xarakterli addımlar kimi qiymətləndirirəm.
Bu səbəbdən “Can Azərbaycan” deyən AK Partili, MHP-li, CHP-li, Yeni Partiyalı və digər siyasi düşüncələrdən olan Türkiyədəki qardaşlarımıza müraciət edirəm: Qardaşlıq məsuliyyətinizi göstərin, bu məsələlərə qarşı öz mövqeyinizi ortaya qoyun.
Azərbaycan illərdir Türkiyənin daxili işlərinə qarışmadan, çətin günlərində onun yanında olaraq qardaşlıq missiyasına sadiq qalıb. Eyni qarşılıqlı hörmət və həssaslığın qorunması hər iki ölkənin marağındadır.
Bu gün Türkiyə və Azərbaycan tarixdə heç vaxt olmadığı qədər yaxın münasibətlərə malikdir. Bu böyük qardaşlıq bağlarını zədələmək istəyən istənilən təxribatlara qarşı ayıq-sayıq olmalı, fikir ayrılıqlarının bizi bir-birimizdən uzaqlaşdırmasına imkan verməməliyik.
Türkiyə və Azərbaycan qardaşdır. Bu qardaşlıq bizim ortaq sərvətimizdir. Gəlin onu qoruyaq və xainlərin, təxribatçıların bu birliyə zərər vurmasına imkan verməyək.
Bəhruz Məmmədzadə
08:23 05.10.2026
Oxunuş sayı: 51