Fərrux ağa Qayıbov: Azərbaycan aviasiyasının ilk səhifəsini yazan qəhrəman
Bu gün Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun doğum günüdür.
Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Aşağı Salahlı (Qıraq Salahlı) kəndində hərbçi ailəsində dünyaya gəlib. Atasını erkən itirsə də, əmisi Səməd ağa Qayıbovun himayəsində böyüyüb, Tiflis Kadet Korpusunu və Sankt-Peterburqdakı Konstantin Topçuluq Məktəbini əla qiymətlərlə bitirib.
Birinci Dünya müharibəsi illərində Rusiya İmperator Hava Qüvvələrində poruçik rütbəsi ilə xidmət edən Fərrux ağa, o dövrün ən müasir dördmühərrikli bombardmançısı olan “İlya Muromets №16” təyyarəsinin heyətində artilleriya zabiti kimi döyüşüb.
1916-cı il sentyabrın 12-də Belarus səmalarında (Borına/Boruni kəndi ətrafında) alman mövqelərinə hücum zamanı dörd düşmən qırıcısı ilə qeyri-bərabər döyüşə girib. Üç alman təyyarəsini məhv etsə də, öz təyyarəsi vurulub və 24 yaşında qəhrəmancasına həlak olub. Düşmənlər belə onun igidliyinə hörmət göstərib, şərəflə dəfn ediblər.
Qısa ömründə bir neçə hərbi ordenlə təltif olunan Fərrux ağa Qayıbov Azərbaycan aviasiya tarixinin ilk səhifəsini yazıb. Bu gün onun xatirəsini hörmət və iftixarla yad edirik.
Ruhun şad olsun, əziz qəhrəman!
Nigar Xəlilli
12:00 02.10.2026
Oxunuş sayı: 26