Azərbaycanın müstəqil diplomatiyası və “bir millət, iki dövlət” bağlarının sarsılmazlığı
BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı onlarla ölkənin nümayəndə heyətinin zalı tərk etməsi gözlənilən diplomatik jest idi. Türkiyə də bu etiraz aksiyasına qoşuldu. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin I katibi Məqsəd Hüseynovun isə zalda qalması isə Türkiyə ictimaiyyətinin müəyyən seqmentlərində, sosial media və bəzi mediada absurd və həddindən artıq emosional reaksiyalara səbəb oldu. Bəzi dairələr bunu “xəyanət”, “məyusluq” və hətta qardaşlığa zərbə kimi təqdim etməyə çalışdılar. Bu, təsadüfi deyil. Məqsəd aydındır: Azərbaycan-Türkiyə münasibətlərini sarsıtmaq, iki dövlət arasındakı strateji müttəfiqliyi zəiflətmək istəyən qüvvələr bu hadisəni kozaya çeviriblər.
Lakin faktlar emosiyalardan daha güclüdür. Azərbaycan nümayəndə heyətinin altı üzvündən beşi zalı tərk etmişdi. Yalnız bir diplomat çıxışı dinləməyə davam etdi. Zalı tərk etmək beynəlxalq diplomatiyada məcburi protokol tələbi deyil, siyasi etiraz formasıdır. Heç bir universal norma ölkələri bir-birinin çıxışını dinləməkdən məhrum etmir.
Bununla yanaşı, Azərbaycanla yanaşı müsəlman dövlətləri olan BƏƏ, Bəhreyn və digər ölkələrin nümayəndələrinin də zalda qaldığı qeydə alınıb. Amma bu müsəlman ölkələri Azərbaycan qədər qınanmadı. Yalnız Azərbaycanın adı üzərində fokuslanmağın özü manipulyativ yanaşmanın və ikili standartın açıq göstəricisidir.
Azərbaycanın bu davranışının səbəbi aydındır və tamamilə legitimdir. Ölkəmizin xarici siyasəti heç bir dövlətin diktəsinə tabe deyil. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan müstəqil, balanslı və milli maraqlarına əsaslanan siyasət yürüdür. İsrail ilə Azərbaycan arasında uzun illərdir davam edən strateji tərəfdaşlıq – müdafiə, təhlükəsizlik, enerji, texnologiya və ticarət sahələrində – real milli maraqlarımızın tərkib hissəsidir. Bu əməkdaşlıq heç vaxt Fələstin xalqının haqlı mübarizəsinə və ya Türkiyə ilə qardaşlıq münasibətlərinə zidd olmayıb. Azərbaycan Fələstin dövlətinin yaradılmasını dəstəkləyir, eyni zamanda öz təhlükəsizlik maraqlarını qoruyur. Bir diplomatın çıxışı dinləməsi İsrail siyasətinin bütün aspektlərinin bəyənilməsi demək deyil. Bu, sadəcə diplomatik yetkinlik və müstəqillik nümunəsidir.
Türkiyə mediasının bir hissəsində və sosial şəbəkələrdə yayılan “xəyanət” ritorikası isə əslində iki ölkə arasındakı münasibətləri hədəfə alan qüvvələrin əlinə oynayır. Azərbaycan Media və Yayım Şurasının da qeyd etdiyi kimi, bu cür əsassız və qərəzli iddialar qarşılıqlı etimada zərər vurmaq məqsədi daşıyır. Deputat Vüqar İskəndərovun dediyi kimi, Azərbaycan-Türkiyə münasibətlərini BMT zalında bir diplomatın oturub-oturmaması ilə ölçmək siyasi ciddiyyətdən uzaqdır.
Bu münasibətlərin arxasında yüzillik tarixi bağlar və 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi dayanır. Həmin Bəyannamə ilə iki ölkə arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə qaldırılıb və strateji tərəfdaşlıq daha da möhkəmləndirilib. 44 günlük Vətən müharibəsində sınaqdan çıxmış qardaşlıq isə bu bağların real təsdiqidir. “Bir millət, iki dövlət” konsepsiyası emosional jestlərlə yox, real strateji maraqlarla, qarşılıqlı hörmət və suverenlik prinsipi ilə möhkəmlənib.
Azərbaycanın xarici siyasəti azaddır. Biz heç bir dövlətin, o cümlədən ən yaxın qardaşımızın siyasi kursuna mexaniki şəkildə uyğunlaşmağa məcbur deyilik. Türkiyənin Fələstin məsələsindəki yanaşması ilə Azərbaycanın yanaşması arasında nüanslar ola bilər – bu, normaldır. Müstəqil dövlətlər fərqli prioritetlərə malik ola bilərlər. Lakin bu fərqlər heç vaxt əsas bağları sarsıtmayıb və sarsıtmayacaq.
Azərbaycan həmişə Türkiyənin yanında olub – Qarabağda, regional təhlükəsizlikdə, enerji layihələrində, beynəlxalq platformalarda. Eyni şəkildə Türkiyə də Azərbaycanın yanında olub. Bu reallığı bir foto və ya bir neçə saniyəlik görüntü ilə silmək mümkün deyil. İki ölkə arasında münasibətlər siyasi, hərbi, iqtisadi, ictimai, mədəni, elmi və digər istiqamətlərdə davam edir və inkişaf edir.
Nəticə etibarilə, heç kim və heç nə Azərbaycan-Türkiyə münasibətlərini poza bilməz. Bu bağlar emosiyalara, sosial media kampaniyalarına və ya üçüncü tərəflərin təxribatlarına həssas deyil. Onlar dövlət maraqlarına, xalqların iradəsinə və tarixi reallığa söykənir. Azərbaycan öz müstəqil diplomatiyasını davam etdirəcək – nə kiməsə yaltaqlanaraq, nə də kiminəsə boyun əyərək. Qardaşlıq isə qarşılıqlı hörmət və anlayış tələb edir. Bu prinsiplər qorunduğu müddətdə “bir millət, iki dövlət” bağı sarsılmaz qalacaq.
16:30 30.09.2026
Oxunuş sayı: 50